Türkiyə illər sonra “Eurovision”a rəqib müsabiqədə - Video

turkiye-iller-sonra-eurovisiona-reqib-musabiqede
Oxunma sayı: 3876

Mayın 16-da koronavirus səbəbi ilə ləğv olunan “Eurovision”a rəqib “Free European Song Contest” adlı mahnı müsabiqəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Almaniyanın Köln şəhərində baş tutan müsabiqədə 15 ölkə birincilik uğrunda mübarizə aparıb. Bunlar Almaniya, Avstriya, Böyük Britaniya, Bolqarıstan, Danimarka, Niderland, Xorvatiya, İrlandiya, İspaniya, İsrail, İtaliya, İsveçrə, Qazaxıstan, Polşa və Türkiyədir.

Gecədə İspaniya təmsilçisi Niko Santos “Like I love you” mahnısı ilə qalib olub.

2013-cü ildən bu yana “Eurovision”a qatılmayan Türkiyə sözügedən yeni yarışmada yer alıb. Eko Fresh və Umut Timur “Günaydın” mahnısı ilə 6-cı yerdə qərarlaşıb. 

Formatı və səsvermə sistemi “Eurovision” kimi olan layihədə iştirakçılara yalnız Almaniya, İsveçrə və Avstriyada yaşayan vətəndaşlar SMS-lə səs verə biliblər. Münsif səsverməsi isə bütün ölkələrə şamil edilib.

Gecənin aparıcısı Steven Gätjen və “Eurovision” birincisi Conchita Wurst olub. Onlar tamaşaçılara sürpriz də ediblər. Belə ki, Conchita “uzun zamandan bəri “Eurovision” yarışmasında Azərbaycan, Gürcüstan və Avstraliya kimi coğrafi olaraq Avropaya aid olmayan ölkələr də iştirak ediblər. Biz isə bu ənənəni davam etdirərək daha bir Avropaya aid olmayan ölkədən iştirakçının çıxışını elan etmək istəyirik. Qarşılayın, çıxış edir Ayı təmsil edən kosmonavt Max Mutzke”,- deyə bildirməsi də maraqla qarşılanıb.