Türkiyə parlamentində Süleyman Soyluya görə əlbəyaxa dava - Video

turkiye-parlamentinde-suleyman-soyluya-gore-elbeyaxa-dava
Oxunma sayı: 2487

Türkiyə Böyük Millət Məclisində (TBMM) 2022-ci ilin büdcə müzakirələri zamanı millət vəkilləri arasında əlbəyaxa dava düşüb.

“Qafqazinfo” “Hürriyət”ə istinadən xəbər verir ki, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) Bursadan olan millət vəkili Erkan Aydın çıxış edən zaman “Daxili işlər naziri, Sezgin Baran Korkmazın təyyarəsinə niyə minmisiniz? Fotolarınız yayılıb, başqa təyyarə yox idi dediniz. Prezidentə deyəydiniz” – deyə söyləyib.

Türkiyə daxili işlər naziri Süleyman Soylunun sözügedən fotosu

Bunun ardınca, daxili işlər naziri Süleyman Soylu Aydına “Yalan deyirsən” deyə xitab edib.

Sözlü mübahisənin ardından millət vəkilləri əlbəyaxa dava etməyə başlayıb.

Dava səbəbindən iclasda fasilə elan edilib və bir müddətdən sonra yenidən başlayıb.

Qeyd edək ki, Sezgin Baran Korkmaz türkiyəli iş adamı və sahibkardır. O, çirkli pulların yuyulması ittihamı ilə İstanbul Baş Prokurorluğu tərəfindən axtarışa verilib. Onun şirkətləri və Türkiyədəki bütün var-dövləti məhkəmə tərəfindən müsadirə edilib. 2020-ci ilin dekabrında həyat yoldaşı Gökçen Korkmazla birlikdə Türkiyəni tərk edərək İseçrədə məskunlaşıb.

Mafiya rəhbəri Sedat Pekerin 2021-ci ildə irəli sürdüyü iddiaya görə, Türkiyənin daxili işlər naziri Süleyman Soylu Korkmazı istintaqla bağlı öncədən məlumatlandıraraq onun xaricə qaçmasına icazə verib.

2021-ci il mayın 2-də ona qarşı açılan istintaq başa çatıb və barəsində “əmlakın dəyərinin saxtalaşdırılması” maddəsi ilə 7 il 6 aya qədər həbs cəzası istənilib.

Bəzi Türkiyə KİV orqanında S. Korkmazın Avstriyada həbsdə olduğuna dair məlumat yayılıb.

Qeyd edək ki, Türkiyə DİN Süleyman Soylunun 2017-ci ildə Sezgin Baran Korkmaza aid təyyarədən istifadə etməsini təsdiq edib. Lakin məsələ burasındadır ki, nazirlik təyyarə icarəsinin “Söğüt Havacılık A.Ş.” adlı şirkət tərəfindən edildiyini bildirib. Bildirilir ki, əlində təyyarə qalmayan şirkət Sezgin Baran Korkmaza aid olan təyyarə icarəyə götürməli olub. Nazirliyin paylaşdığı çekdə icarə üçün 165 min TL ödəndiyi və çekin Soylunun sahib olduğu “Engin Sigorta” şirkətinin adına yazıldığı görünüb. Bildirilir ki, 16 aprel 2017-ci il Konstitusiya referendumuna hazırlıq zamanı son bir həftədə Daxili İşlər Nazirliyinə məxsus təyyarə və vertolyotlar olsa da, siyasi etikaya görə bu vasitələrdən istifadə edilməyib. Bunun əvəzində isə yuxarıda qeyd olunan şirkətin xidmət təkliflərindən istifadə olunub.