Türkiyə və Ukrayna birgə PUA istehsalına dair müqavilə imzaladı - Detallar

Türkiyə və Ukrayna birgə PUA istehsalına dair müqavilə imzaladı
Oxunma sayı: 1062

Ukrayna və Türkiyə arasında Pilotsuz Uçuş Aparatlarının (PUA) birgə istehsalına dair çərçivə sazişi imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib. Bu gün təhlükəsizlik və sülh məsələlərini də müzakirə etdiklərini bildirən Zelenski deyib: 

“Qarşımızda duran çətinliklər və onların aradan qaldırılması üçün atılacaq addımlar görüşümüzün əsas mövzuları idi. Ukrayna və Rusiya arasında vasitəçilik təşəbbüsünə görə prezident Ərdoğana təşəkkür etmək istərdim. Biz bütün platformalarda Ukraynada sülhün bərqərar olması üçün əlimizdən gələni etməyə hazırıq".

Müdafiə sənayesi və aviasiya sahəsində əməkdaşlığı müzakirə etdiklərini bildirən Zelenski qeyd edib:

“Bunlar bizim strateji tərəfdaşlığımızın hərəkətverici qüvvələrindən biridir. Məqsədimiz ortaq müdafiə layihələri, ortaq müəssisələr yaratmaq, təcrübə və texnologiya mübadiləsi aparmaqdır. Bu gün imzaladığımız müqavilə ilə Ukraynada BAYKAR PUA-larının istehsalı genişləndiriləcək”.

Əldə edilən məlumata görə, PUA istehsal müqaviləsinin təfərrüatları belədir: Ukrayna Bayraktar TB2 PUA istehsalı üçün torpaq sahəsi ayıracaq. PUA-ların istehsalında istifadə olunan hissələr gömrük rüsumundan azad ediləcək.

“Baykar Defence” Ukraynada PUA istehsalı ilə bağlı törəmə müəssisə quracaq. PUA zavodu ilə yanaşı, təlim mərkəzi də tikiləcək. "Baykar" da PUA investisiyalarına görə 10 il müddətinə gəlir vergisindən azad olacaq.

"Baykar"ın Ukraynaya qoyduğu investisiyalar toxunulmaz olacaq. Ukrayna tərəfindən türk investorlarına 49 il müddətinə pulsuz torpaq ayrılacaq. Zavodun tikintisi ilə bağlı bütün maliyyə və kadr məlumatları məxfi saxlanılacaq.

Müqavilənin bitmə tarixi 1 yanvar 2035-ci ildir.