Türkiyə yazarları Kəlbəcər köçkünləri ilə görüşdülər

turkiye-yazarlari-kelbecer-kockunleri-ile-gorusduler
Oxunma sayı: 733


“Qafqazinfo” xəbər verir ki, gecənin açılışında Dədə Şəmşirin həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş etdirilib. Sonra “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İB-nin sədri Qənbər Şəmşiroğlu bu gecədə Türkiyədən, İraqdan şair, yazıçı və ədəbiyyatşünasların iştirakını xüsusi məhəbbət doğurduğunu bildirərək, onların hər birinə öz sevgi və sayğısını çatdırıb. Q.Şəmşiroğlu deyib ki, bü gün dövlət milli-mənəvi dəyərlərimizə, o, cümlədən aşıq sənətinə xüsusi diqqət və qayğı göstərir. 

Tədbirin məqsəd-məramı, ümumən respublikamıza qonaq gələn, fərqli ədəbi nəsillərə mənsub şair və yazıçıların bu səfəri ilə bağlı ətraflı bilgi verən millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva çıxış edərək, şifahi xalq mədəniyyətimizin dərin bilicisi, mahir dastan ifaçısı kimi tanınan söz ustası Dədə Şəmşirin bədii yaradıcılığında Azərbaycan təbiəti gözəlliklərinin, Vətən sevgisinin, torpağa bağlılığın  başlıca motivlər olduğunu bildirib. 

O, qeyd edib ki, bu səfər çərçivəsində keçirilən bütün tədbirlər, görüşlər hamısı maraqlı proqram əsasında hazırlanıb: "Ancaq hesab edirəm ki, ən yaddaqalan, unudulmaz görüş məhz qaçqın və məcburi köçkün soydaşlarımızla keçirilən bu görüş olacaq. – “Nə üçün? – Çünki bizim sevincimiz kimi dərdimiz də ortaqdır; bir-birimizin uğuru kimi, uğursuzluğumuza da şərikik; bu bizimtürk xalqları olaraq başımıza gətirilənlərin bir şəkli, bir tablosudur... Kəlbəcərlilər ən qonaqpərvər insanlardandır, onlar istərdilər ki, Sizi doğma yurd-yuvalarında qarşılasınlar. Ancaq onlar öz doğma yurdlarına dönə bilmir, əzizlərinin qəbirlərini ziyarət edə bilmir... və yurd-yuva həsrəti ilə yaşayırlar... Artıq 22 ildir ki, bu belədir..!"

Türkiyəli şairlər Yusuf Dursun, Nedim Uçar, Muhsin Durucan, Harika Ufuk, Yunus Kara, Bolat Ünsal, Mehmet Metin Baş, İbrahim Şaşma Azərbaycana gəlməkdən çox xoşbəxt olduqlarını, buranı da özlərinə vətən bildiklərini deyiblər və çıxışlardan sonra şeirlər oxuyublar.

Sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov tərəfindən Türkiyədən gəlmiş ünlü şair Camal Safiyə saz hədiyyə edilib. 

İraq türkmanlarından şair-yazar Şəmsəddin Kuzəci çıxışında İraqda yaşanan son hadisələrdən danışıb və bütün Türk Dünyasını İraq türkmanlarına daha böyük dəstək göstərməyə çağırıb. "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İB-nin rəhbəri Qənbər Şəmşiroğlu Kərkük bayrağını və materiallar hədiyyə edib.