İyulun 16-da Türkiyədə hərbi çevrilişə cəhd göstərildi. Bu cəhd ölkə tarixində 5-ci, Türkyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mənsub olduğu qüvvəyə qarşı 2-ci çevriliş kimi nəzərdə tutulmuşdu. Olmadı.
“Qafqazinfo” milli.az-a istinadən xəbər verir ki, bu "olmadı"nını "Niyə olmadı?" sualı ilə bağlı daşımaq üçün Türkiyədə hərbi çevrilişlərin tarixinə nəzər salmaq gərəkdir.
1960-cı il. Menderes asıldı
Həmin sənədə ölkə çalxalanırdı, türklər hökumətin istefasını tələb edirdilər. Ankara qarnizonunda general Kemal Gürzel və polkovnik Alparslan Türkeşin rəhbərliyi ilə 37 zabit hərbi çevriliş etdilər. Parlament buraxıldı, hökumət tam heyətlə həbs olundu. Daha sonra baş nazir Adnan Menderes, maliyyə naziri Hasan Polatkan və xarici işlər naziri Fatih Rüştü Zorlu asılaraq edam edildilər.

Hakimiyyətə gələn hərbçilər "demokratiya və asayişin bərpası, maliyyə sisteminin sağlamlaşdırılması, yeni Konstitusiya və qanunların hazırlanması" ilə məşğul olacaqlarını dedilər.
1961-ci ilin oktyabrında yeni parlament seçildi. Amma hərbçilərin əksər qismi yeni islahatlardan narazı idilər.
1962-ci ilin fevralında və 1963-cü ilin mayında bir dəstə zabit yeni çevrilişlərə cəhd etdilər. Cəhdlər uğursuz oldu, həmin zabitlər 1963-cü ildə edam olundular.
1971-ci il. "Muhtira" ilə qovulan Dəmirəl
1971-ci ilin martın 12-də Baş Qərargah rəisi, ordu generalı Memduh Tağmac baş nazir Süleyman Dəmirəlin iqamətgahına yollanaraq ona tələbnaməni təqdim etdi. Türkiyə tarixinə "12 Mart Muhtirası" kimi daxil olmuş həmin olay zamanı generallar "anarxiyaya son qoyacaq və Atatürk islahatlarını gerçəkləşdirəcək" yeni hökumətin yaradılmasını tələb edirdilər. Süleyman Dəmirəl "qovuldum" desə də, hərbçilərin tələblərinə tam əməl etdi. O, 4 partiyadan ibarət hakimiyyət koalisiyası formalaşdıraraq yenidən baş nazir oldu. Süleyman Dəmirəl sonralar 3 dəfə bu postda çalışacaq, 1993-cü ildə isə Türkiyə prezidenti seçiləcəkdi...

1980-cı il. Kenan Evrenin 7 ili
1980-ci ilin sentyabrında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəis, ordu generalı Kenan Evren ölkədə tüğyan edən siyasi və iqtisadi böhrandan çıxış yolu qismində çevrilişi "təklif" etdi, bu çevrilişin lideri oldu. Ölkənin 20 vilayətində fövqəladə vəziyyət və komendant saatı elan olundu.
Türkiyə Böyük Millət Məclisi buraxıldı, bütün siyasi partiyaların fəaliyyəti yasaqlandı, yüzlərlə siyasətçi həbs olundu, partiyaların əmlakı müsadirə olundu.
Ölkədəki sağçı və solçu partiyaların mənsubları hərbi tribunallarda mühakimə olundular. 230 min türk həbsxanalara atıldı, 14 min şəxs vətəndaşlıqdan məhrum edildi.
1983-cü ilədək ölkəni ordu idarə etdi. 1982-ci ildə Türkiyənin yeni Kontitusiyası ilə bağlı referendum keçirildi, dəyişiklikləri vətəndaşların 82 faizi dəstəklədi.

1980-1983-cü illərdə hərbçilərin hakimiyyətini möhkəmləndirən 800 qanun qəbul olundu.
Sonra Kenan Evren prezident postuna seçildi. 7 illik səlahiyyət müddəti ilə...
2012-ci ildə Kenan Evren və Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq ikomandanı, ordu generalı Tahsin Şahinkaya 1980-ci ildəki olaylara görə mühakimə olundular. Həmin il Evrenin 94, Şahinkayanın 86 yaşı vardı.
Hökm 2014-cü ilin iyun ayında qüvvəyə mindi.
Kenan Evren və Tahsin Şahinkaya ömürlük həbs cəzası aldılar, onların hər ikisi hərbi rütbələrindən məhrum edildilər.
Evren və Şahinkaya ötən il vəfat etdilər.
1997-ci il. Ərbakan yasaqlandı
1997-ci ilin fevralın 28-də Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında türk generallar ölkə hökumətindən 18 bənddən ibarət tələbnamənin yerinə yetirilməsini istədilər.

Baş nazir Nəcməddin Ərbakan istefa vermək məcburiyyətində qaldı. O, "Türkiyədə dünyəvi sistemə təhlükə" yaratmaqda suçlandı, 5 il ərzində siyasi fəaliyyətlə məşğul olması yasaqlandı.
Ərbakanın "siyasi şagird"lərindən sayılan Rəcəb Tayyib Ərdoğan 4 ay müddətinə həbs olundu. Həmin çevrilişə haqq qazandırmaq istəyən türk generallar deyirdilər ki, onlar "ölkənin islamlaşdırılması, dini təşkilatların fəaliyyətinə ifrat dəstək verilməsi, Atatürk irsinin unudulması kimi əməllərə" etiraz ediblər.
Rifah Partiyasının lideri Nəcməddin Ərbakan devriləndən sonra Səadət Partiyasını, həbsdən çıxan Ərdoğan isə Ədalət və İnkişaf Partiyasını yaratdılar.
Ordu və xalq: sevginin səbəbi nə?
"Yaşasın hürriyət!", "Yaşasın xalq!" Türkiyədə indiyədək bütün hərbi çevrilişlər məhz bu şüarlarla gerçəkləşdirilib. Xalq da məhz bu şüarlarla küçələrə axışıb və çevrilişi - paradoksa bax - bayram kimi qeyd edib.
Ümumiyyətlə, xalq Türkiyədə həmişə çevrilişlərdə az qala bayram əhval-ruhiyyəsində olsa da, səbəblər barədə az düşünüb.
1960-cı ildə Türkiyədə qadınların ictimai yerlərdə çadrada dolaşmaları, "yaxşı əməl" sayılmadığı zaman yüzlərlə çadralı qadın İstanbuldakı Taksim Meydanına çıxaraq çevrilişi dəstəkləmişdilər.
İlk baxışdan paradoks, cəmiyyətin refleksiyası təsiri bağışlayan bu olayların kökündə Türkiyədə xalqın orduya sevgisi, sayğısı durur. İndiyədək türkə ordunu görmək yetər ki, özünü bəxtəvər hiss etsin. Bu hiss, sevinc təhtəlşüurdadır, məntiqlə idarə olunmur.
Məhz bu səbəbdən indiyədək Türkiyədə gerçəkləşdirilmiş bütün hərbi çevrilişlərdə, silahlı qiyamlarda hərbçilər "layiklik", yəni dünyəvilik müdafiəçiləri kimi çıxıb ediblər.
Onlar bilirdilər ki, xalqın sevimlisi olan orduya xalq çox məqamı, çox əməli bağışlayır.
Bundan başqa, Türkiyə Silahlı Qüvvələrində Mustafa Kamal Atatürk irsi, yəni "kamalizm" ideologiyası çox güclü, "islamçı" sayılan siyasi təşkilatlara antipatiya çox sərtdir.

Elə bu səbəbdən də ordunun çevriliş cəhdlərində həmişə "dünyəvilik islamçılığa qarşı" elementlər qabardılıb.
Halbuki, Türkiyədə xalq içində İslam dəyərləri daha üstündür, bu ideologiya dominantdır və "layiklik" hədsiz populyar axın sayılmır. Məntiqə görə, türk generalların çevrilişlərində "islamçılığa qarşı" mübarizə heç bir halda xalq tərəfindən dəstəklənməməliydi. Amma xalq indiyədək həmişə məntiqə zidd təsir bağışlayan mövqe tutub.
Göründüyü kimi, Türkiyə ordusunun rolu birmənalı deyil. Bir tərəfdən o, İslamın dominant olduğu ənənəvi xalq şüuruna qarşı çıxan ideologiyanın daşıyıcısı olduğunu deyir, digər tərəfdən ideologiyaların toqquşmasını özü yatırır.
Güc, qüdrət, ordu, mehmetcik anlamları - dünyəviliklə İslam şüurunun Türkiyədə kəsişərək barışdıqları ən önəmli məqamlar bunlardır. Ordu Türkiyədə xalq şüurunun müxtəlif modifikasiyaları arasındakı fərqləri silib.
Osmanlı İmperiyasının nisgilini çəkənlərlə Avropa Birliyinə daxil olmaq və Avropa ölkəsinə dönmək istəyənlərin qətiyyətini, "Konstitusiyalı İslam dövləti" arzulayanlarla "Atatürk ideyalarının çiçəkləndiyi, islamçıların zəiflədiyi ölkə"də yaşamaq istəyənlərin ziddiyyətlərini də barışdıran ordudur.
Və ona görə də iyulun 16-dək Türkiyədəki çevrilişlər türklərin şüuruna istənilən ziyalıların mədəni-maarif fəaliyyətləri ilə müqayisədə daha fəal, real təsir edib.
Ordu namaz qılanlarla ateistləri, mühafizəkarlarla liberalları, millətçilərlə milli azlıqları birləşdirən, barışdıran, ənənəvi şüurla hakim ideologiya arasındakı toqquşmanı aradan qaldıran ünsürdü.
İndi osmanlı türklərinin etnik şüuru yaşanan mühitlə, baş verən hadisələrlə fasiləsiz münaqişədə olsa da, xalq iyulun 16-da hərbi çevrilişi gerçəkləşdirmək istəyənləri dəstəkləmədi.
Əksinə, xalq çevrilişə qarşı çıxdı.