Türkiyənin Mersin vilayətində Bakının Xətai Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə mərhum prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, tədbirlərdə iştirak etmək üçün Mersinə gələn Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin üzvləri Hüseynbala Mirələmov və Fuad Muradov, həmçinin Xətai bələdiyyəsinin rəhbəri Əliyar Əliyevdən ibarət nümayəndə heyəti Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanəddin Kocamazla görüşüblər.
Azərbaycanla Türkiyə arasındakı qardaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanan görüşdə yerli hakimiyyət orqanları arasındakı əməkdaşlığın bu münasibətlərin inkişafına mühüm tövhə verdiyi bildirilib.
Görüşün sonunda qarşılıqlı olaraq hədiyələr təqdim edilib.
Mersinin Tarsus rayonunun bələdiyyə sədri Şövkət Canla da görüş keçirilib.
Nümayəndə heyətinin başçısı Razim Məmmədov Mersin və Tarsus bələdiyyələrinin rəhbərlərini bu ilin iyul ayında Bakıya səfərə dəvət edib.
Yerli bələdiyyə rəhbəri və qonaqlara qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
Bir il əvvəl əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilən Tarsusdakı Heydər Əliyev Parkında təşkil edilən tədbirdə isə Mersin və Tarsusun hakimiyyət orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri, ziyalılar və məktəblilər qatılıblar. Tədbir Türk dünyasının iki dahi şəxsiyyəti Heydər Əliyev və Mustafa Kamal Atatürk, Azərbaycan və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.
İki ölkənin dövlət himnləri səsləndi.
Tədbirdə çıxış edən Mersin Bələdiyyəsinin sədri Burhanəddin Kocamaz bildirib ki, Heydər Əliyevin Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafı və digər sahələrdəki xidmətləri qardaş ölkədə də ehtiramla qeyd edilir.
Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, H. Əliyevin Türkiyə ilə münasibətlər sahəsindəki strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bunun bariz nümunəsi isə bugün burada Tarsusda H. Əliyevin adını daşıyan bu park, körpü və ucaldılmış bu möhtəşəm abidədir. Ona görə də türk dünyasının hər iki böyük səxsiyyətinin Mustafa Kamal Atatürkün və Heydər Əliyevin xatirəsi həmişə insanlarımızın qəlbində daim yaşayacaq.
Sonra Milli Məclisin üzvü Hüseynbala Mirələmov, Tarsus Bələdiyyəsinin sədri Şövkət Can, parlamentin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov cıxış ediblər.
Qonaqlar Heydər Əliyevin parkdakı heykəli önünə çiçəklər düzüblər. Tədbir iştirakçıları parkı gəzərək, Heydər Əliyev körpüsünə gəliblər.
H. Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı tədbirlər Tarsusun təhsil müəssisələrində də davam edib.





Son xəbərlər
Son Xəbərlər