Türkiyənin Çanaqqala şəhərinin Əzinə rayonunun Pınarbaşı kəndində itkin düşən 12 yaşlı azərbaycanlı Rəsul Quliyev axtarış qrupları tərəfindən 7 kilometr aralıda ağacın üstündə yatarkən tapılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Türkiyə” məlumat yayıb.
Hadisə sentyabrın 9-u saat 16:00 radələrində baş verib. Azyaşlı səhər saatlarında ailəsi ilə birlikdə məktəbə gedib. Məktəbdən qayıdarkən çantasını cıran 12 yaşlı Rəsul vəziyyəti anasına danışıb. Ana Yaqut Əsgərova Rəsula xəbərdarlıq edib. Bundan sonra qorxan uşaq evi tərk edib.
Axşam saatlarında övladlarının evə qayıtmadığını görən ailə “112” Təcili Xidmət Xəttinə məlumat verib. Hadisə yerinə cəlb edilən qruplar kənd və ətrafında genişmiqyaslı axtarışlara başlayıb. Kənddəki təhlükəsizlik kameraları bir-bir yoxlanılıb. Rəsul sonuncu dəfə kəndin çıxışında təhlükəsizlik kamerasına düşüb.
Görüntülərə əsasən axtarış qrupları uşağı Bozcaalan adlanan ərazidə ağacın üstündə yatarkən tapıblar.
Rəsul müayinə olunmaq üçün xəstəxanaya göndərilib.