Türkiyədə yerli şirkətlərin tvitterdə reklam vermələri qadağan olundu

turkiyede-yerli-sirketlerin-tvitterde-reklam-vermeleri-qadagan-olundu
Oxunma sayı: 669

Türkiyə hökuməti yerli şirkətlərin tvitterdə reklam vermələrini qadağan edib.

“Qafqazinfo” xəbər verir ki, müvafiq qərar “Resmi Gazete”nin rəsmi nəşrində yayımlanıb. Qərara əsasən, Türkiyədə sosial şəbəkələrin tənzimlənməsi haqqında yeni qanuna görə, ölkədə nümayəndə təyin etməmiş tvitter, periskop, pinterestdə reklam verən şirkətlər ağır cərimələrlə üzləşəcəklər.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi rəhbərinin müavini Ömər Fatih Sayyan feysbuk və instaqramın Türkiyə hakimiyyət orqanlarının tələblərini yerinə yetirmək qərarına gəldiklərini və yeni qanununa uyğun olaraq Türkiyədə ofis açdıqlarını bildirib.

Xatırladaq ki, ötən ilin iyul ayında Türkiyə parlamenti sosial şəbəkələri tənzimləyən yeni qanun qəbul edib. Qanuna görə, 1 milyondan çox istifadəçisi olan böyük sosial şəbəkələr ölkə ərazisində rəhbəri Türkiyə vətəndaşı olan bir nümayəndəlik açmalıdırlar.

​Noyabr ayında feysbuk, instaqram, tvitter, yutub, periskop və tiktok sosial şəbəkələri ölkədəki nümayəndələri haqqında məlumatları vaxtında vermədiklərinə görə Türkiyə hökuməti tərəfindən 10 milyon türk lirəsi (təxminən 1,2 milyon dollar) məbləğində cərimə olunub.