“Bəlkə də, Türkiyənin yeni bir konstitusiyanı müzakirə etməsinin vaxtı gəlib”.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində dilə gətirib.
O bildirib ki, Türkiyəyə yeni əsərlər qazandıraraq xidmət etmək, millətin rifahını, hüzurunu, təhlükəsizliyini gücləndirmək və Türkiyənin mənfəətlərini qorumaq üçün gecə-gündüz iş aparırlar:
“Bu günə qədər etdiklərimizlə kifayətlənmədən gələcəyin böyük və güclü Türkiyəsini inşa edirik. Hər sahədə qızğın hazırlıq gedir. Ölkəmizin son 18 ilinin ən böyük üstünlüyü demokratiyada və iqtisadiyyatda fasiləsiz islahatdır.
İllərlə siyasi qeyri-sabitlik, iqtisadi tənəzzüllər, çevrilişlər, qəyyumluq qısqacında bu ölkənin və millətin enerjisini, vaxtını, imkanlarını hədər edənlərin yol açdığı itkiləri bərpa etmək üçün çox çalışdıq”.
“Vəzifəmiz dünyanın və Türkiyənin dəyişən şərtlərinə, millətimizin dəyişən ehtiyaclarına və gözləntilərinə görə yeni islahat gündəmləri formalaşdırmaqdır. Kim artıq bu ölkənin islahata ehtiyacı olmadığını desə, bilinməlidir ki, onun Türkiyədən və dünyadan xəbəri yoxdur”, - Ərdoğan əlavə edib.
Son xəbərlər
Son Xəbərlər