Bu gün “Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulma prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Dəstək” adlı Tvinninq Layihəsinin açılış tədbiri keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, videokonfrans formatında keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari, İtaliyanın Gömrük və İnhisar Agentliyinin baş direktoru Marcello Minenna, Dövlət Gömrük Komitəsinin sədr müavinləri, Komitənin aidiyyəti qurumlarının əməkdaşları, İqtisadiyyat Nazirliyinin nümayəndələri və Avropa İttifaqının ekspertləri iştirak edib.
Səfər Mehdiyev Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulmaya hazırlıq prosesində Dövlət Gömrük Komitəsinə dəstək üzrə Tvinninq layihəsi çərçivəsində təşkil olunan görüşün COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda keçirilməsinə baxmayaraq, səmərəli və məhsuldar olacağına əminliyini ifadə edib.
O da vurğulanıb ki, Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən ölkəmizin tranzit potensialının artırılması iqtisadi inkişafın prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir.
Komitə sədri vurğulayıb ki, tranzit daşımaların inkişaf etdirilməsi sahəsində dövlət tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq, "Logistika və Ticarətin İnkişafı üzrə Yol Xəritəsi" də daxil olmaqla, müvafiq proqram və sənədlərdə tranzit daşınan malların sərhəd keçidinin sürətləndirilməsi, prosedurların sadələşdirilməsi, ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması kimi mühüm hədəflər müəyyən olunub.
Bu sahədə gömrük orqanlarının rolu nəzərə alınaraq, gömrük tranzitinin inkişafı məqsədilə vahid yanaşma əsasında icra mexanizmlərinin müəyyən edilməsi üçün ötən il Dövlət Gömrük Komitəsi Kollegiyasının qərarı ilə Tranzit Konsepsiyası təsdiq edilib. Konsepsiya çərçivəsində, tranzit sisteminin inkişaf etdirilməsi məqsədilə müasir beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə qabaqcıl texnologiyaların tətbiqi gömrük orqanları qarşısında qoyulan əsas tapşırıqlardandır.
DGK sədri Prezidentin müvafiq sərəncamı ilə təsdiq olunmuş dövlət proqramında Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiq olunmasının sürətləndirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması və tranzit zəmanət sisteminin yaradılması istiqamətində tədbirlərin görülməsinin müəyyən olunduğunu da bildirib.
DGK sədri qeyd edib ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan və İtaliya gömrük xidmətlərinin iradəsi nəticəsində bu layihənin icrasının davam etdirilməsi barədə qərar qəbul edilib və bu qərar Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru olan İqtisadiyyat Nazirliyi tərəfindən dəstəklənib. Səfər Mehdiyev göstərilən dəstəyə görə, Azərbaycan gömrük xidməti adından təşəkkürünü ifadə edib.
Sonra İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari çıxış edərək Azərbaycan və İtaliya arasında mövcud iqtisadi və siyasi əlaqələrdən söhbət açıb. Bildirilib ki, İtaliya gömrüyü Azərbaycanın tərəfdaşı kimi çıxış edir və hazırda Azərbaycanla İtaliya arasında iki tvininq layihəsi həyata keçirilir ki, bu layihələr gələcək əməkdaşlığa mühüm töhfə verəcək.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsi ilə İtaliya Gömrük və İnhisar Agentliyi tvinninq tərəfdaşlarıdır. Tvinninq layihəsinin məqsədi Azərbaycanın mövcud Avropa İttifaqı gömrük sistemləri ilə əlaqəsinin və tərəflər arasında ticarətin asanlaşdırılmasını təmin etməkdir.



