“Üç aydır, Naxçıvandan qayıda bilmirik”

uc-aydir-naxcivandan-qayida-bilmirik
Oxunma sayı: 4268

Naxçıvan Muxtar Respublikasının sakinləri ölkə rəhbərliyinə müraciət ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir:

“Bu müraciəti sizə Naxçıvanda karantin səbəbiylə qalan bütün Azərbaycan Vətəndaşları adından ünvanlayırıq. Bildiyiniz kimi, mart ayında iş yerlərinin, məktəblərin bağlanması ilə əlaqədar Novruz bayramı və tətil üçün ailəsinin yanına gələn onlarla tələbə, işçi, Bakı sakinləri Naxçıvanda qalıb.

Doğrudur, karantində qalmaq şərtilə Naxçıvandan Bakıya 2 dəfə reys təşkil olundu.

Lakin orada virus yayılması və işlərin qeyri-müəyyən müddətə qədər bağlı olması səbəbiylə bir çoxları burada qaldı.

Artıq 3 ay olacaq ki, hər kəs ailəsindən, işindən, evindən uzaqda problemlərlə üzləşirlər. Tələbələr evlərindən çıxarılıb, əşyaları çölə atılıb, özəl şirkətlər işçiləri işdən çıxarır, yaxınlarını itirənlər dəfnə gedə bilmir, xəstə olanlar müalicə ala bilmir və s.

Məlum olduğu kimi, Naxçıvan blokada şəraitindədir və Bakıya hazırda sadəcə hava yolu ilə gəlmək mümkündür. Digər rayon sakinləri Bakıya özəl avtomobillərdə daxil olduqları halda, Naxçıvan sakinləri üçün bu mümkün deyil.

Sizdən çox xahiş edirik ki, Naxçıvan xalqının müraciətinə səs verəsiniz".