Ucarda DAİM-in müşavirəsi oldu - Foto

ucarda-daim-in-musaviresi-oldu
Oxunma sayı: 1634

Ucar rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) Respublika müşavirəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov, nazirlik Aparatının nümayəndələri, struktur bölmə rəhbərləri, 60 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan İ.Kərimov bildirib ki, Prezident İlham Əliyev tərəfindən ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, bu məqsədlə torpaq və su resurslarından daha səmərəli istifadə edilməsi, yüksək məhsuldarlığın əldə olunması ilə bağlı mühüm tapşırıqlar qoyulub:

 “Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyən etdiyi strateji kursa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsasən qurub. Son iki il ərzində aqrar sahədə əhəmiyyətli islahatlar həyata keçirilib. Bu islahatların bir istiqaməti Dövlət Aqrar İnkişaf Mərkəzlərinin fəaliyyəti ilə bağlı olub. Belə ki, aparılan institusional islahatlar nəticəsində kənd təsərrüfatı idarələri əsasında Dövlət  Aqrar İnkişaf Mərkəzləri yaradılıb, yeni qurum xidmət strukturu kimi fəaliyyət göstərməyə başlayıb. Artıq DAİM-lər aqrar sahədə çalışan insanlara zəruri xidmətlərin göstərildiyi Mərkəz rolunu oynamaqdadır. Hazırda Mərkəzlər fermerlərə yaxınlıq prinsipi əsasında öz fəaliyyətini qurub və 70-dən artıq xidmətin göstərilməsini təmin edir”.

Nazir qeyd edib ki, DAİM-lər rayonlarda fermerlərlə işin sürətləndirilməsi, Dövlət Proqramları ilə əlaqədar işlərin koordinasiyalı şəkildə həyata keçirilməsi, fermerlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində fəaliyyətə xüsusi diqqət yetirməlidirlər.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev “Aqrar xidmətlərin təşkili və keyfiyyətinə nəzarət”, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev “Yeni subsidiya qaydalarının tətbiqi və bu sahədə mövcud vəziyyət”, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov “Aqrar sahədə məhsuldarlığın və keyfiyyət göstəricilərinin artırılması istiqamətində təlimlərin keçirilməsi və innovativ texnologiyaların tətbiqi”, Kənd Təsərrüfatı Nazirliyinin Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Asif İsmayılov “Elektron xidmətlərin tətbiqi” mövzusunda məruzə ilə çıxış ediblər. Biləsuvar DAİM-in rəhbəri Nurəddin Quliyev isə çıxışında aqrar sahədə həyata keçirilən tədbirlər və mərkəzlərin bu istiqamətdə fəaliyyətinə toxunub.

Müşavirədə yekun nitqi söyləyən nazir İnam Kərimov DAİM-lərin bundan sonrakı fəaliyyətlərində qarşıda duran əsas vəzifələrə toxunub. Bu ilin Ölkə Prezidenti tərəfindən “Könüllülər ili” elan olunduğunu xatırladan İnam Kərimov DAİM-ləri Aqrar İnkişaf Könüllüləri ilə aktiv işləməyə və onlara davamlı dəstək göstərməyə çağırıb.

Nazir DAİM-lərin Respublika Müşavirəsində qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verib.