“Qafqazinfo” Virtualaz.org saytına istinadən xəbər verir ki, S.İsmayılovla yanaşı müttəhimlər kürsüsündə onun tanışı, Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü İbadov Vaqif İmanxan oğlu da əyləşib. Posesə hakim Rasim Sadıxov sədrlik edir.
İstintaq yolu ilə müəyyən edilib ki, Saday İsmayılov tanışı Vaqif İbadovla birlikdə “Mobil texnologiyalar” MMC-nin baş meneceri Əli Məmmədovun külli miqdarda əmlakını ələ keçirmək istəyiblər. Bu məqsədlə 9 avqust, 2013-cü ildə gecə saatlarında “Amburan” çimərliyinin yanında onunla görüşərək Ə.Məmmədovdan hədə-qorxu yolu ilə 500 min manat pul tələb ediblər.
Ə.Məmmədov pulu verməkdən imtina etdikdə sonuncuya məxsus maşında onun əllərini yapışqan lentlə bağlayaraq odlu silahla hədə-qorxu gəliblər. Məhz bundan sonra Ə.Məmmədov onlara 120 min manat verməyə razılaşıb. O, işçisi İmran Baxşıyevə zəng vuraraq tələb olunan məbləği Zığ qəsəbəsinə gətirməyi tapşırıb. İ.Baxşıyevdən həmin məbləği alan S.İsmayılov Ə.Məmmədovu azad buraxıb.
Amma S.İsmayılov bununla da kifayətlənməyib. Növbəti dəfə yenidən Ə.Məmmədovu hədələyərək 150 min manat tələb edib. Hədə-qorxulardan təngə gələn Ə.Məmmədov bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Onun şikayəti əsasında idarə əməkdaşları əməliyyat keçirib, S.İsmayılov və V.İbadov həbs ediliblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurlar.
Qeyd edək ki, S.İsmayılov Azərbaycan Güləş Federasiyasının idman işləri üzrə şöbə müdiri olub. 2009-cu ildə federasiyanın idman şöbəsində ştatdankənar əməkdaş kimi fəaliyyət göstərib.
Təqsirləndirilən şəxs qismində dindirilən S.İsmayılov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxslə uzun illər dost olduqlarını, ona qarşı heç bir quldurluq cinayəti törətmədiyini göstərib: “Əli ilə yeniyetməlik dövründən dostuq. Aramızda 14 illik dostluq münasibəti olub. Bundan başqa həm də biznes şəriki olmuşuq. Mən idmançı idim, biznesdən başım çıxmırdı. Ümumiyyətlə, bu sahədə hər hansı bir əlaqəm yox idi.
İttihamda mənim tamah məqsədilə cinayət törətməyim yazılıb. Amma mən heç bir cinayət törətməmişəm. İdmançı olmuşam, güclü olsam da gücümü heç zaman özümdən zəiflər üzərində sınamamışam. Əli fiziki cəhətdən məndən zəif olub. Ona qarşı quldurluq cinayəti törətməyimin heç bir əsası yoxdur. Biz ailəvi dost olmuşuq”.
S.İsmayılovun sözlərinə görə, dostu ona pulunu biznes sahəsinə yatırtmağı məsləhət görüb: “2005-ci ildə mənim təxminən 300 min dollarım var idi. Dostlarımın çoxunun yanında məndə olan məbləğ barədə danışmışdım. Əli bizneslə məşğul olduğu üçün pulumu biznes sahəsinə yatırmağı məsləhət gördü. Mənə dedi ki, pulu ona verim və dövriyyədən əldə olunan qazancı yarı bölək. Mən də razılaşdım. 2013-cü ilə kimi Əli həmin puldan əldə olunan qazancdan mənim də payımı verirdi. Amma mənə nə qədər pul veriləcəyi ilə bağlı aramızda hər hansı razılaşma olmamışdı. Hər ay mənə 3-4 min manat arası pul çatdırırdı”.
S.İsmayılovla dostu Ə.Məmmədov arasında narazılıq yarandığından təqsirləndirilən şəxs pullarını geri istəməli olub: “Əli telefon alqı-satqısı ilə məşğul olub. Onun biznesə başlamasına mənim köməyim olub. O vaxtlar çətin dövr idi. Əlinin biznesə başlamasında təşkilatçı olmuşam, müəyyən şəxslərdən xahişlər etmişəm. Əlinin Nazim adlı bir şəriki də var idi. Mənim bu adamdan xoşum gəlmirdi. Dəfələrlə Əlinin yanında Nazimdən xoşum gəlmədiyini, onunla biznes şərikliyinə son qoymasını istəmişəm. Amma Əli mənimlə razılaşmır, Nazimin tərəfini saxlayırdı. Buna görə əsəbiləşib onun üstünə qışqırdığım da olub.
Əli isə mənim bu hərəkətimi böyütdü. Guya ona qarşı quldurluq etmişəm, azadlığını məhdudlaşdırmışam. Əslində belə olmayıb. Nazimlə bağlı aramızda mübahisə düşüb. Yaranmış narazılıqların nəticəsi olaraq Əlidən 300 min dolları geri istədim.
Həmin gün gündüz saatlarında Əli ilə görüşəcəkdik. Əlinin vaxtı olmadığından axşam görüşməyi qərara aldıq. Görüşəndə pulumu istədim. Əli işçisi İmrana zəng edib seyfdəki pulun miqdarını soruşdu. O da seyfdə 120 min manat olduğunu dedi. İmrandan həmin pulu biz olduğumuz yerə gətirməsini istədi. Əli mənə dedi ki, İmrana həmin pulu qumarda uduzduğumu deyim. Bir qədər sonra İmran pulu gətirdi. Qalan 150 min manatı isə ertəsi gün verəcəkdi”.
Təqsirləndirilən şəxs daha sonra Biləsuvar rayonu ərazisində polis əməkdaşlarının onlara necə atəş açmasından danışıb: “Həmin gün ailəmi Rusiyaya yola salacaqdım. Vaqiflə birlikdə Cəlilabad rayonuna getdim. Qohumum Anarı isə ailəmi gətirmək üçün Şəmkirə göndərdim. Əvvəlcə Vaqifin qohumugildə qaldıq. Orda olanda ailəmlə tez-tez əlaqə saxlayırdım. Ailəm Biləsuvar rayonuna yaxınlaşan zaman biz evdən çıxdıq. Maşınla bir qədər gedəndən sonra qarşımızı polislər kəsdi. Həmin vaxt Vaqif maşından düşərək qaçdı. Əməliyyatçılar onun arxasınca atəş açdılar. Vaqif əlindən yaralandı. Bizi həbs edərək Cəlilabad Rayon Polis Şöbəsinə apardılar”.
Təqsirləndirilən şəxs qismində dindirilən, əvvəllər ağır cinayətlər törədərək məhkumluq həyatı yaşayan V.İbadov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. O, ifadəsində S.İsmayılovla cinayət əlaqəsinə girmədiyini, onunla hər hansı bir cinayətdə iştirak etmədiyini göstərdi. Üstündən tapılan narkotik vasitənin isə ona aid olmadığını dedi.
Məhkəmədə şahid qismində ifadə verən İmran Baxşiyev Ə.Məmmədovla bir yerdə işlədiklərini, Sadayla onların dostluq münasibətləri olduğunu göstərdi: “Əli gecə mənə zəng vurub pul gətirməyimi tapşırdı. Mən də kassada olan 120 min manatın hamısını aparıb Sadaya verdim.
Əlinin tapşırığı ilə əvvəllər Sadaya dəfələrlə pul vermişəm. 2004-cü ildən bəri Əligilin yanında işləmişəm. Sadayı da o vaxtdan tanıyıram. Sadaya verdiyim pulun məbləği 1000- 2000 manat arası olub, ondan artıq olmayıb. Sadayla Əli çox yaxın dost idilər. Amma son vaxtlar Sadayı Əligilin yanında az-az görürdüm. Mən Əlinin qumar oynadığını eşitməmişəm. Ümumiyyətlə, Əli mədəni adamdır, onun pulu sağa-sola səpdiyini görməmişəm.
Həmin gün Saday mənə dedi ki, Əli qumarda uduzub. Əli mənə zəng vuranda səsində həyəcan hiss etməmişəm. İstintaq zamanı elə yazıblar”.
Hakimin “Əli ilə Nazim indi hardadırlar” sualına şahid “Əlinin telefonuna zəng çatmır, Türkiyədədir, Nazim isə Ukraynadadır. O hadisədən sonra daha mən o şirkətdə işləmirəm. Şirkətin hazırkı rəhbəri türkdür” dedi.
Zərərçəkmiş Əli Məmmədov istintaqa verdiyi ifadəsində uzun illər dostluq etdiyi S.İsmayılovun onu ölümlə hədələməsini göstərib: “Ötən il avqust ayının 3-də Saday məndən borc pul istədi. Ona pulum olmadığını dedim. Avqustun 9-da mənimlə telefonla əlaqə saxlayaraq “Amburan” çimərliyinin yanında görüşmək istədiyini dedi. Mən də ora getdim. Sonradan adını bildiyim Vaqif də Sadayın yanında idi. Onlar ikisi də mənim avtomobilimə əyləşdilər. Saday şərikim Nazimlə mənim ona 500 min manat verməli olduğumuzu dedi. Əks halda bizi öldürəcəyi ilə hədələdi. Sadaya dedim ki, sən Nazimə heç bir pislik etmə, sənə lazım olan pulu mən verəcəm. Bu vaxt əlimdən mobil telefonumu aldı, Vaqif isə əllərimi yapışqan lentlə bağladı, gicgahıma tapança dirədi. İmrana zəng vurub pul gətirməyi tapşırdım. İmran mənə kassada cəmi 120 min manat olduğunu bildirdi. Ondan həmin pulu Zığ dairəsinə gətirməsini xahiş etdim. İmran pulu gətirdi, Saday ondan pulu alandan sonra sükan arxasına əyləşib “Semaşko” xəstəxanasına doğru sürdü. Xəstəxananın yanında Saday pulu Vaqifə verdi. Vaqif də pulu alan kimi maşından düşdü.
Saday yolda məndən yenidən 150 min manat istədi. Ona həmin məbləği sabah verə biləcəyimi dedim. 11 avqustda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı İmran Baxşiyev 150 min manat pulu Sadayın evində fəhlə işləyən Təbriz Əsgərova verərkən saxlanılıb”.
Məhkəmə prosesi iyulun 8-də davam edəcək.