Üçüncü dünya müharibəsinin anonsu...

ucuncu-dunya-muharibesinin-anonsu
Oxunma sayı: 5609

Üç gün əvvəl “The Wall Street Journal” bir material dərc edib. Materialda təhlükəsizlik dövrünün bitdiyi elan olunur. 

Qeyd: “Soyuq müharibə”nin sonunda dünyanın aparıcı gücləri nüvə silahlarının azaldılmasının planeti daha təhlükəsiz edəcəyi ilə bağlı razılığa gəlmişdilər. Artıq o dövr başa çatıb. Silahlara nəzarət müqavilələri dağılır”.

İnsan sivilizasiyasının meyvələrindən biri də budur: adam balası dünya müharibəsi olmadan bircə əsr yaşaya bilmir. Maksimum bir əsrdən sonra dünya qarışır, milyonlarla adam ölür, sonra hər kəs müharibənin nə qədər amansız bir akt olduğunu gözləri ilə görür, başa düşür. Sonra bir əsr səsi çıxmır.

Dünya müharibəsini öz gözləri ilə görmüş nənələrin-babaların sonuncuları da dünyadan köçən kimi ərköyün dünya adamı yenidən kiminləsə kəllə-kəlləyə gəlməyə çalışır. Adəm övladının rəhbər olduğu dünyada sülhün bir adam yaşı qədər ömrü var! Maksimum bir əsr!

Dünya müharibəsinin dəhşətini görənlərin gözlərinin ağı saraldıqca, sülh bayrağının bəyazına da ləkə düşməyə başlayır. Bərəlmiş gözlərinin ağında sülhü gətirən babalarımız gözlərini yumduqca, sülh də dünyadan qeyb olur. Qocaların müharibələri anlatdıqları hekayətləri korşaldıqca, bəlağətləri zəiflədikcə, nəvələri bıçaqlarını bir az da ehtirasla itiləyir. Onların bir zamanlar gur damarlı qolları taqətdən düşdükcə, nitqlərinin arasına öskürək pauzaları girdikcə, bu boşluqlarda yeni dünya müharibələrinin rüşeymləri yuva qurmağa başlayır.

Babalarımızın qanı ilə qaynarlığı itib soyuq olan müharibələr son illər yenidən körüklənir. Soyuyub növbəti gözlərinə qan daman gənc nəsli gözləyən bu öküz müharibə yenidən ağ bayrağı qırmızı bayraqla əvəzləyən matadorunu gözləyir. Matadorlar isə özlərini çox gözlətmir. Biri okeanın o tayından, biri bu tayından rəngli bayraqlarla soyuq müharibələri oyadıb qızışdırmağa başlayır.

Bəs hərbin dəhşətini anlamaq üçün hər kəsin müharibəni öz gözü ilə görməyinə ehtiyac varmı? Elə bir silah yoxdurmu ki, müharibə baş vermədən müharibənin dəhşətini göstərə bilsin?

Var! Kitab, kino!

Amma gərək oxuyasan, baxasan... 

Nə qədər yazıçının sözü siyasətçinin sözündən yüksəkdə durur, nə qədər mətn siyasi nitqin bəlağətində boğulmur, bu silah işləyir. Təəssüf ki, ədəbiyyatın da gücü müharibə görmüş insan ömründən artıq deyil. Ədəbiyyatın yenidən güclənməsi – obrazlı dillə desək, yenidən yanacaq doldurması üçün yeni bir müharibəyə ehtiyac yaranır.

Təəssüf ki, oxucu da müharibə görmədən məğlubların vəkili olan yazıçını sevmir. Təəssüf ki, oxucu da müharibə görmədikcə, savaş kürəkçilərinin yanında olur. Müharibə qəlpələrini evinin içində görəndə isə möhkəm döyülən biri kimi “bəsdir, bildim!”, - deyib sakitcə oturur.

Məşhur pritça var: İlk dəfə gəmiyə minən biri yırğalandıqca ürəyi bulanır, dözə bilmədiyini deyir, zarıyırmış. Sonda kapitan əmr edir ki, həmin sərnişinin belinə kəndir bağlayıb dənizə atsınlar. Zarıyan şəxsi dənizə atıb yenidən geri, göyərtəyə qaytarırlar. Dənizin soyuğunu, təlatümünü, dəhşətini görən adam xəfif yırğalanmaya şükür edir, səfər boyu bir küncə qısılaraq xoşbəxt olduğunu deyir.

İnsan övladıyıq... Cənnətdən qovulduqdan sonra cənnəti ikinci dünya elan edən, bu dünyadakı bütün naz-nemətdən bir zamanlar olduğu yerə qayıtmaq naminə imtina edən və s. v.i.a insan...

İnsan hər əsr bir dünya müharibəsi görməsə, susa bilmir. Çünki ona müharibənin dəhşətini müharibəsiz hiss etdirəcək mülkü döyüşçülərdən – yazıçılardan, rejissorlardan, rəssamlardan könüllü imtina ediblər. Əlinə silahı könüllü almağa razı olan milyonlarla adam teatra könüllü getmir. Allah babanın yaratdığı və “kalendarnı!” yaşı 2000-ni keçən bu sivilizasiyanın sivil ağaclarına dırmaşmağa cəhd etmir. Sivil meyvələri xoşlamır. Yenə də bildirçini soğana dəyişir, yenə də daha üstün olanı aşağı olana dəyişmək üçün can atır. Kitab açmır. Kitabı yalnız fala baxmaq üçün açan toplum, təbii ki, bir gün Allahın lənətinə tuş gəlir...

Biz təkcə ildırımları, leysanları, yanğınları Allahın silahı sayırıq. Ancaq elə müharibələr də Allahın silahlarıdır. Lazım olanda canavar Allahın silahıdır. Xalq yazıçısı Ramiz Rövşənin təbirincə desək, canavar dəstəyi Tanrı əlində olan bir bıçağın tiyəsidir. 

Teatra gedib müharibə əsərinə ağlamayan hər kəs, sonda müharibədə itirdiyi əzizlərinə ağlayır...

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün