Anası oğlunun arxasınca getmişdi. Getmiş və görmüşdü ki, gözünün ağı-qarası bircə balası dayanıb pəncərənin qarşısında yollara baxır... Quş gəlsə, qanad salacaq bu yerdə pəncərədən görünən yollar da ümidsizliyə aparırdı... Anasını görən kimi ilk sözü bu olur Cavidin:
-Ana, məni burdan çıxarmağa gəlmisən, hə? Hazırlaşım, gedək?
Anası ağlayır. Cavid yenə yalvarır:
-Ana, qurban olum, məni burda qoyub getmə...
Ana oğlunu ağlaya-ağlaya qoyub oranı tərk edir...
Arxadan anasını səsləyir ki, yolda canavar var, ehtiyatlı ol, səni yeyər.
***
Onunla bir geyim mağazasında rastlaşdıq. Cavid üçün cins şalvar, köynək, ayaqqabı aldı. Sual vermədim. Eləcə “mübarəkdi” dedim. Kövrəldi. “Orda-ruhi-əsəb dispanserində bunları geyməyə icazə vermirlər. Yenə də aparacam. Görsün ki, mən ona hər şey alıram, unutmuram onu. Çıxanda geyinər”,-dedi... Gözünün yaşını silib sağollaşdı...
Təxminən 5-6 il öncə Cavid başqa cür idi. Bizneslə məşğul olurdu. Qohum-əqrəbasının fəxarət yeriydi. İş-gücü, evi, maşını vardı. Bir gün onların hamısı narkotikanın güdazına getdi. Elə bir zaman gəldi ki, qohum-əqrəba da üz döndərdi ailədən. Kimsə bu müflisləşmənin səbəbini aramadı, maraqlanmadı. Elə ki gördülər, lələ köçüb, yurdu qalıb, “boş yurddan” onlar da üz çevirdi... Bəziləri belədi: yıxılanı baltayarlar, həm də var qüvvələri ilə...
Cavid narkotikaya qurşanmışdı. Anasının qır-qızılını da satıb qanını zəhərlədikdən sonra psixikasında pozğunluq yarandığını eşitdik. Ağlına nə gəlsə, edirdi. Yazıq ana səhərə qədər oğlunu küçələrdən tutub evə gətirməkdən yorulmuşdu. Yayda qış paltarı, qışda yay geyimi ilə gəzirdi. Dəfələrlə anasını möhkəm döymüşdü. Amma ana ürəyi-oğlundan bir an da ayrılmırdı...
Sonra müalicə olunduğunu eşitdik. Onu buna dadandıran, qanını zəhərləyən qonşusu elə bu yolda da bada getdi-narkotika satarkən tutuldu. Tamahının ucbatından neçə gəncin həyatı ilə oynadı...
***
Şəhərin gözdən uzaq bir yerində yaşayır Təranə ana. Deyir, ölünün itkisi ilə barışmağa nə var, zülm, dirinin itkisi ilə barışmaqdı. Deyir, yaz ki, gənclər, taleyinizlə oynamayın, özünüzü uçurumdan aşağı atmayın, ananızı dirigözülü öldürməyin. O, deyir, mən yazıram...
Amma nə xeyri?! Puldan gözü doymayanlar yenə öz işində olacaq. Zəhərləyəcəklər neçə-neçə məsum yeniyetməni, gənci. O ağılsızlar da atacaq özünü uçurumdan. İki yol görünəcək axırda: biri ümidsizliyə, digəri torpağın altına aparacaq. Kaş o yolları yola düşmədən görəydilər...
Son xəbərlər
Son Xəbərlər