“Uda da bilərsən, uduza da…” - Baş məşqçidən məğlubiyyət şərhi

uda-da-bilersen-uduza-da
Oxunma sayı: 1080

Topaz Premyer Liqasının 17-ci turunun son oyununda səfərdə "İnter"i məğlub edən "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev matç sonrası mətbuat konfransı keçirib. "Qafqazinfo" xəbər verir ki, mütəxəssis "Sumqayıt"dan aldıqları məğlubiyyətlərin əvəzini çıxmağa çalışacaqlarını bildirdi.

- Komandamı təbrik edirəm. Üç xala böyük ehtiyacımız var idi. Qış fasiləsindən sonra qələbəmiz yox idi. Bu səbəbdən də qələbə bizi sevindirir. İlk yarıda ardıcıl 2 qol vurduqdan bir qədər rahatlaşdıq. Ancaq ikinci hissədə oyunu diqtə edən tərəf biz olduq. Sevindiricidi ki, yeni hücumçularımız fərqləndi.

Baş məşqçi növbəti turla bağlı fikirlərini də açıqlayıb:

"Mövsümün ilk yarısında "Sumqayıt"a uduzmuşuq. Çalışacağıq bu dəfə fərqli nəticə göstərək".

Daha sonra "İnter"in baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib. "Qafqazinfo" xəbər verir ki, təcrübəli mütəxəssis ən zəif oyunlarını keçirdiklərini bildirib.

- "Neftçi"ylə hansısa kompleksimiz yaranıb. Mövsümdə 2 oyun uduzmuşuq, ikisini də bu komandaya. Müdafiədə çox pis oynadıq. Bu cür zəif oynamağımızı xatırlamıram. Hesab 1:2 olarkən, əla şansımız yarandı. Rauf Əliyev ötürmə etsəydi, fərqli nəticə ola bilərdi. Futboldu, uda da bilərsən, uduza da. Növbəti oyunadək bu məğlubiyyəti unutmalıyıq.

- Razısınız ki, Elnur Abdullayevin yoxluğu komandanızın oyununa həlledici təsirini göstərdi?

- Elnur qayıdacaq. Yaxşı formadadı. Ruslan Abışovin gedişindən sonra bütün yük Skarlatakenin üzərinə düşür.

- "Beynəlxalq Bank"ın sponsorluqdan imtinasından sonra komandada ruh düşkünlüyü yaranmayıb?

- Xeyr, əhval-ruhiyyə qaydasındadı. Sadəcə, "Neftçi"yə qarşı bir kompleks. Peşəkar meydançaya çıxdıqdan sonra digər faktorları unudur.

- "Neftçi"ylə oyundan əvvəl bukmeker kontorları "İnter"i aşkar favorit göstərsə də, start fitinə 1 saat qalmış, əmsallar kəskin dərəcədə dəyişdi. Məğlubiyyətdə futbolçularınızın "xidməti" olduğunu düşünmürsünüz?

- Xeyr, bu cür hal mümkünsüzdü!