UEFA baş katibindən “Zirə” - Açıqlaması

uefa-bas-katibinden-zire
Oxunma sayı: 1051

UEFA-nın baş katibi Teodor Teodoridis AFFA-nın İcraiyyə Komitəsinin ilk iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. "Qafqazinfo" mətbuat konfransından olan sual-cavabı təqdim edir:


- UEFA-da seçkilər nə vaxt olacaq?
- Biz bunu açıqlaya bilmərik. Bunun üçün CAS-ın Mişel Platini barədə qərarı açıqlanmalıdır. Bundan sonra seçkilər barədə danışmaq olar.

- Klublarımıza verilən cəzalar barədə nə deyə bilərsiz?
- Bu, birbaşa FİFA-la bağlı məsələdi. O ki qaldı nazirin İcraiyyə Komitəsinin üzvü seçilməsinə, məncə bu yaxşı haldır. Bizim qapımız futbolu sevən hər bir kəsin üzünə açıqdır.

- Maliyyə "feyr-pley"i bir neçə il tətbiq edildi. Bundan sonra iş adamları futboldan qaçmağa başladı. Bir çoxları bunun götürülməsinin tərəfdarıdır...
- Bunun əsas məqsədi futbola olan maliyyəni tənzimləməkdir. Məsələn, bir neçə il öncə bir biznesmen bir kluba külli miqdarda pul ayırmış, sonra klubdan getdikdə isə klub müflis olmuşdu. O ki qaldı bunun tətbiqinə, bunun üçün ilk öncə klublarla danışıq aparırıq. Klublar razı olmadıqda bu həyata keçirilmir.

- UEFA-nın qaydasına görə bir klub avrokuboklarda iştirak etməsi üçün ən az 3 il fəaliyyət göstərməlidi. Bu il Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə" avrokuboklara vəsiqə qazanmağa yaxın olsa da, bu kriteriyalara uyğun deyil. Bu komanda üçün istisna hal ola bilər?
- Əlbəttə ola bilər, ancaq bunun üçün gərək bu klub əvvəllər mövcud olmuş olsun. Əgər 3 ildir yaranıbsa, bu mümkün deyil. Əvvəllər mövcud olub, təkcə adı dəyişdirilibsə, icazə verilə bilər.

- AFFA-da həmişə hesabat-seçki konfransı martda olur. Digər ölkələrdə də belədi?
- UEFA-da bu cür konfranslar fevral-mart aylarında təşkil edilir. Çünki bundan öncə UEFA prezidenti tərəfindən bəzi məsələlər təsdiq edilməlidi. O ki qaldı federasiyalara, müxtəlif vaxtlarda keçirilir. Tez keçirən də var gec keçirən də. Bizdə bu il bir qədər fərqli oldu. FİFA konqresindən əvvəl - fevralda keçirdik. Ancaq dediyim kimi, bunun konkret vaxtı yoxdu.

Elsevər