UEFA “Zirә” ilә bağlı qәrar verdi

uefa-zir-il-bagli-qrar-verdi
Oxunma sayı: 754

AFFA Lisenziyalaşdırma Qurumu bəyanat yayıb. 

“Qafqazinfo” xəbər verir ki, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydalarında əks olunmuş tələbə əsasən UEFA-nın Klub Yarışlarında iştirak edən klubların müvafiq lisenziya əldə etməli olduqları bildirir. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir: "Bu qaydalardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir. Lisenziyalaşdırma mövsümü olaraq UEFA-nın klub yarışlarının mövsümü nəzərdə tutulur. UEFA-nın klub yarışlarının növbəti mövsümünə 2017-ci ilin iyun ayında start verilir".

Məlum olduğu kimi, Premyer Liqa yarışlarında çıxış edən “Zirə” FK 2014-cü il  iyulun 18-də təsis olunub və I divizionda çıxış etməyə başlayıb. Ötən mövsüm gümüş medallara sahib olmuş və idman nəticələrinə əsasən UEFA-nın klub yarışlarında iştirak etmək hüququnu qazanmış “Zirə” klubu yuxarıda qeyd olunmuş qaydada qeyd olunan müddətdən az fəaliyyətdə olduğu üçün UEFA lisenziyasını ala bilməyib: "Yuxarıda qeyd olunduğu kimi, UEFA-nın klub yarışlarının mövsümün iyun ayında başlaması və “Zirə” FK-nın 2014-cü ilin iyul ayında təsis olunması nəzərə alınaraq, “Zirə” FK-nın növbəti mövsümə qədər olan fəaliyyəti UEFA qaydalarına əsasən 3 ildən az hesab olunur. Bütün qeyd olunanları nəzərə alaraq, AFFA bu məsələdə “Zirə” FK-ya istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Zirə” FK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub. 2017-ci il martın 29-da UEFA müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, “Zirə” FK 2017-18-ci il mövsümündə UEFA lisenziyasının almaq hüququna malikdir".

UEFA-nın qərarı “Zirə”nin avtomatik UEFA lisenziyası alması anlamına gəlmir. Klub növbəti mövsüm üçün UEFA lisenziyasının alınması məqsədilə Lisenziyalaşdırma qaydalarında əks olunmuş bütün mütləq tələbləri yerinə yetirib.