UFAZ-da anlaşma memorandumları imzalandı

ufaz-da-anlasma-memorandumlari-imzalandi
Oxunma sayı: 900

Yanvarın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Total E&P Absheron şirkəti– Strasburq Universiteti (Unistra)- UFAZ və Paşa Bank ASC- Strasburq Universiteti (Unistra)- UFAZ arasında akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirməsi çərçivəsində rəsmi Anlaşma Memorandumu imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, imzalanma mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin rektoru Mişel Deneken, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Total E&P Absheron şirkətinin prezidenti Regis Agut və PAŞA Bank ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov, UFAZ nümayəndə heyəti, tələbələr eləcə də media mənsubları iştirak edib.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı UFAZ-ın çoxsaylı tərəfdaşları olduğunu və UFAZ layihəsinin uğurlarında bu tərəfdaşların dəstəyinin xüsusi rol oynadığını bildirib. Cari tədris ilində UFAZ-dan 125 nəfərin məzun olacağını deyən rektor, M.Babanlı tərəfdaşlıq əlaqələrinin tələbələr üçün yaratdığı imkanlardan söz açıb.

Görüşdə eyni zamanda Total E&P Absheron şirkəti ilə Fransa səfirliyi arasında da rəsmi Anlaşma Memorandumu imzalanıb. Bu anlaşmanın Total E&P Absheron, eləcə də UNISTRA-UFAZ əlaqələrini daha da möhkəmləndirəcəyi nəzərdə tutulur. 

Qeyd edək ki, 2019-cu il iyulun 17-də Total Fransa ofisinin Ümumi Təhsil İnkişafı üzrə direktoru Jan-Klod Heidmann və Beynəlxalq Proqramlar üzrə koordinatoru Christelle Lavalou UFAZ-da olub. UFAZ rəhbərliyi ilə görüşən nümayəndələr Total şirkətinin hər il Fransadakı magistr proqramları üçün nəzərdə tutduğu təqaüd imkanları haqqında danışıb. Hazırda UFAZ tələbələri də təqaüd üçün keçirilən müsabiqədə öz iştirakını aktiv şəkildə davam etdirir. Total təqaüdünü qazanacaq tələbələrin bir neçəsi səfirlik tərəfindən Fransa hökümətinin təqaüdçüsü adına layiq görüləcək və bu onlara Fransada təhsil alacaqları müddətdə daha da fayda verəcək.