ÜGT ilə Azərbaycan arasındakı əlaqələr dinamik inkişaf edir - Fotolar

ugt-ile-azerbaycan-arasindaki-elaqeler-dinamik-inkisaf-edir
Oxunma sayı: 997

“Avrasiya regionunda gömrük sahəsində islahatlarla bağlı Azərbaycan gömrüyünün təcrübəsini hər zaman nümunə göstərirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya yanvarın 28-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevlə görüşündə səsləndirib.

Ali qonağı salamlayan DGK sədri Səfər Mehdiyev ÜGT ilə Azərbaycan gömrüyü arasında səmərəli və işgüzar münasibətlərdən məmnunluqla bəhs edib.

Komitə sədri Prezident İlham Əliyev tərəfindən gömrük sistemində də aparılan islahatlardan danışıb. S.Mehdiyev bütün gömrük-keçid məntəqələrinin ən müasir texniki nəzarət vasitələri, rentgen avadanlıqları ilə təmin olunduğunu, yeni gömrük-keçid məntəqələrinin inşa edildiyini bildirib.

Qeyd edilib ki, ötən il fiskal sahədə, qaçaqmalçılıqla, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində mühüm nailiyyətlər əldə olunub. S.Mehdiyev Azəbaycanın 188 ölkə ilə ticarət əməliyyatları həyata keçirdiyini və bu ölkələrin gömrük orqanlarına güzgülü statistika əsasında məlumat mübadiləsi aparmaq məqsədilə müraciət olunduğunu diqqətə çatdırıb.

ÜGT-nin Baş katibi K.Mikuriya bir daha Azərbaycanda olmaqdan məmnunluq duyduğunu, səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Baş katib Prezident İlham Əliyevlə görüşündən, ÜGT ilə Azərbaycan arasındakı əlaqələrin dinamik inkişafından məmnunluqla bəhs edib.

K.Mikuriya Azərbaycanın bölgədə ticarət və nəqliyyat qovşağına çevrilməsi istiqamətində gömrük sistemindəki islahatların əhəmiyyətindən danışıb.