Uğursuzluğa düçar olmuş dostlar - Ermənistan və Rusiya ilə yaxınlaşma İrana nə vəd edir?

ugursuzluga-ducar-olmus-dostlar-ermenistan-ve-rusiya-ile-yaxinlasma-irana-ne-ved-edir
Oxunma sayı: 7442

Avropanın nüfuzlu “Modern Diplomacy” nəşrində Politoloq Ceyhun Osmanlının yeni məqaləsi yayımlanıb.

 https://moderndiplomacy.eu/2022/12/03/friends-in-misfortune-what-will-rapprochement-with-armenia-and-russia-give-iran/

Qafqazinfo məqalənin tərcüməsini olduğu kimi təqdim edir:

Otuz ilə yaxın davam edən erməni işğalından sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini azad etməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsindəki zəfəri Cənubi Qafqaz regionunda geosiyasi vəziyyəti kəskin şəkildə dəyişib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə uğurla həyata keçirilən bərpa işləri ilə yanaşı, Azərbaycanın Qarabağa “böyük qayıdışı”nın başlanğıcını qoyan zəfəri və tarixi ədalətin bərpası, Cənubi Qafqaz regionunda post-münaqişə gündəmi məsələsini aktuallaşdırıb. Bu baxımdan əsas beynəlxalq aktorların sözügedən regionda siyasi təsir rıçaqları əldə etməyə çalışmaları heç də təəccüblü deyildir.

Məğlub və təslim olmuş Ermənistandan başqa, müharibədən heç bir qazanc əldə etməyən yeganə ölkə özünü Ermənistanın yaxın dostu və müttəfiqi, həmçinin təhlükəsizliyinin təminatçısı kimi təqdim edən İrandır. Regionun bu iki təklənmiş dövləti- sanksiyalar tətbiq edilən İran və sadəcə Azərbaycana deyil, həmçinin Türkiyə və Gürcüstana qarşı da ərazi iddiaları olan Ermənistanın uzlaşma xronologiyası çoxtərəfli əməkdaşlığın qurulması yolunda uğursuz cəhdlərlə doludur.

Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Bakı İranla münasibətlərin normallaşdırılması siyasətinə sadiq qalaraq Tehrana “3+3” (3+2) formatında əməkdaşlıq təklif etmiş, həmçinin İranı Zəngəzur dəhlizi layihəsinə qoşulmağa dəvət etmişdir. Lakin İran bu layihəni öz milli maraqlarına təhdid hesab edir və Qafqaz regionundan təcrid olunmaqdan ehtiyatlanır.

Bununla bağlı olaraq, İran ekspert icması və kütləvi mediası Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar yayaraq ikincinin ərazisindən keçəcək Zəngəzur dəhlizinin açılma prosesini sabotajlamağa çalışırlar.

Beləliklə, mövcud geosiyasi oyunda Tehran Ermənistanı dəstəkləyərək regional gündəlikdəki ziddiyətləri qabartmağa çalışır. Çünki siyasi dialoqun konstruktiv ab-havası və sağlam əməkdaşlıq mühiti beynəlxalq sanksiyaların təsirində və daxili xaosda boğulan İran üçün tamamilə zidd bir mühitdir.

Özünü Qərbə “demokratiya və insan haqlarının dayağı” olaraq təqdim edən Ermənistan isə paradoksal olaraq İran rəhbərliyinin Cənubi Qafqaza qeyri-region dövlətlərin girişini əngəlləyən siyasətini dəstəkləyir.  Ermənistana səfəri zamanı ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin mehribancasına qarşılanması ilə yanaşı ABŞ-ı İranın “ən məfkur düşməni” adlandıran anti-amerikan “qardaş” Tehranla çoxtərəfli əməkdaşlığın genişləndirilməsi Ermənistan siyasi rəhbərliyinin başqa bir riyakarlığının sübutudur.  

Bu baxımdan Nikol Paşinyanın İlham Əliyev və Vladimir Putinlə Soçidəki üçtərəfli görüşdən sonra Tehrana səfər etməyi heç də təəccüb doğurmur. Paşinyanın İrana səfərinin rəsmi gündəliyinə ikitərəfli münasibətlərin dərinləşdirilməsi, müştərək layihələrin icrasına baxış və sərhədlərarası əməkdaşlıqda üzləşən problemlərin müzakirəsi məsələləri daxildir.

Ermənistan Baş nazirinin İrana səfərinin iqtisadi gündəminin əsas mövzusu 7,2 km-lik Kacaran tunelinin tikinti layihəsi olmuşdur. Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində İrana gələn Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Gnel Sanosyana görə: “Ermənistanda yaxın gələcəkdə İrandan yükdaşımaların həcmini artırmağa imkan verəcək irimiqyaslı yol tikintisi layihələri həyata keçirilir”. İranın İSNA xəbər agentliyinin məlumatına görə, görüş zamanı İran şirkətlərinin 2023-cü ilin yazında Ermənistanda 7,2 kilometrlik Kacaran tunelinin tikintisinə başlamağı qərara alınıb. “Şimal-Cənub dəhlizi Norduzdan Verzeqan və Təbrizə qədər İran və Ermənistan üçün malların daşınmasını və tranzit imkanlarını asanlaşdıracaqdır. Bu marşrutun özəlliklərindən biri də məsafə və səyahət vaxtının əhəmiyyətli dərəcədə azalmasıdır”, - deyə İranın Yol və Şəhərsalma naziri Rüstəm Qasemi bildirmişdir. Bu yaxınlarda o, İrandan Ermənistana mühəndislik və texniki xidmətlərin  ixrac ediləcəyini və İran şirkətlərinin iki ölkə arasında daşınmaları həyata keçirməyə və Ermənistan ilə Fars körfəzi arasında yeni tranzit dəhlizin yaradılmasına tam hazır olduqlarını vurğulayıb.

Ticarət məsələlərinə gəlincə, qeyd etmək lazımdır ki, İran Ermənistanla illik 3 milyard dollarlıq ticarət hədəfləyir. İran prezidenti İbrahim Rəisi vurğulayıb ki, “Ötən aylarda Ermənistanla ticari-iqtisadi əlaqələrdə 43 faiz artım qeydə alınmışdır, lakin hədəf 3 milyard dollardır. Biz bu məqsədə mütləq nail olacağıq. İki ölkə arasında yaxşı əlaqələr, şübhəsiz ki, regionda münasibətlərin möhkəmlənməsinə və təhlükəsizliyin güclənməsinə gətirib çıxaracaqdır”.

Bundan əlavə, İran və Ermənistan iki ölkə arasında təbii qaz satışının həcmini iki dəfə artırmağa və qaz ticarəti sazişini 2030-cu ilə qədər uzatmağa razılaşıblar.

Nəhayət, İranın Ermənistanla yaxınlaşmasının kulminasiya nöqtəsi Qapanda İranın Baş Konsulluğunun açılması və Ermənistan tərəfinin Təbrizdə Baş Konsulluq açmaq niyyətidir.

İranın Qərbi, xüsusən də ABŞ-ı nəzərdə tutan ənənəvi “xarici qüvvələrin müdaxiləsi” fobiyasına sadiq qalaraq Rəisi Birləşmiş Ştatları Qafqazın işlərinə qarışmaqdan çəkindirir və bildirir ki, “Qafqaz regionu İranın tarixi keçmişinin mədəni parçasıdır və biz bu bölgəyə çox həssas yanaşırıq... Regionda xarici qüvvələrin mövcudluğu nəinki heç bir problemi həll etmir, əksinə əlavə problemlər yaradır”.

İranın bu avantürası aydın şəkildə sanskiya yoldaşı olan Rusiya ilə münasibətlərini yumşaltmağa yönəlmiş, xüsusilə Ukraynada müharibədən sonra bu münasibətlər sürətli çiçəklənmə dövrünə daxil olmuşdur. Qərbin sanksiyalarına cavab olaraq, Moskva digər ənənəvi anti-Qərb ölkələri arasında - o cümlədən, ticari əngəllərdən yan keçmək üçün - alternativ tərəfdaşlar axtarmağa başlayıb və İran ən perspektivli ölkələrdən biri kimi görünür. Lakin planların möhtəşəmliyi Rusiya-İran əməkdaşlığının qurulması üçün obyektiv imkanların çox məhdud olduğu faktını inkar etmir.

Aydındır ki, Tehran Qərbin sanksiyalarından yan keçərək Rusiya iqtisadiyyatını xilas etmək üçün effektiv yardım göstərə bilməyəcək və İranın daxilindəki dərin siyasi böhran hər hansı razılaşmaların həyata keçirilməsi prosesini əngəlləyir. Bu gün İran bir aydan artıq müddətdir ki, səngiməyən irimiqyaslı etiraz dalğalarına qərq olmuşdur. Bu da özlüyündə İran üçün görünməmiş haldır. Məlum olduğu kimi, sonuncu iğtişaşlar sentyabr ayında hicabı düzgün geyinmədiyi üçün əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin Tehranda ölümü ilə bağlı başlayıb. İğtişaşlar kütləvi xarakter alır, uzanır və İranın siyasi rejimini tənqid etməkdən də çəkinmir. Bu dərəcədə qeyri-sabitlik ciddi investisiya riskləri yaradır və hər hansı razılaşmaların həyata keçirilməsinə mane olur.

Digər tərəfdən isə Rusiya və İran nəinki silah tədarükü ilə bağlı razılığa gəlməyə, həm də bu istiqamətdə təcili addımlar atmağa nail olmuşdurlar. Son zamanlar bu münasibətlərin ən çox diqqət çəkən cəhəti Rusiyanın İran pilotsuz uçuş aparatlarından istifadə edərək Ukrayna şəhərlərinə zərbələr endirməsidir. Təəccüblü deyil ki, həm Rusiya, həm də İran hökumətləri Rusiya ordusunun Ukraynada istifadə etdiyi kamikadze dronlarının İrana məxsus olduğunu inkar edir, lakin bütün dəlillər deyilənlərin əksini ortaya qoyur. Üstəlik, Ukraynanın hərbi kəşfiyyat xidmətləri “İran Rusiyanı raketlərlə təchiz etməyə başlamaq üzrədir” məlumatını da yayıb.

İranda Rusiyaya tarixən yerli resurslar üzərində nəzarəti ələ keçirməyə çalışan müstəmləkəçi dövlət kimi baxıldığını nəzərə alsaq, Rusiya ilə əldə olunan razılaşmaların İranda yeni etiraz hərəkatına səbəb ola biləcəyini deyə bilərik. Bundan başqa, Moskvanın Ukraynadakı hərbi əməliyyatlarına qarşı Tehranda bu ilin əvvəlində kiçik miqyaslı etiraz nümayişləri keçirilmişdir.

Son olaraq, siyasi cəhətdən sıxışdırılmış, cəhalətin və təməl insan haqları pozuntularının istinadgahı olan İran İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqların geosiyasi aktoru kimi tanınmaq məqsədilə sadəcə iki dövlətin - Rusiya və Ermənistanın - dəstəyini qazana bilmişdir. Faktiki olaraq İran təkcə regional deyil, həmçinin beynəlxalq təhlükəsizliyə də təhdid yaratmaqda davam edir. Bu yaxınlarda Tehranın nüvə proqramının dəstəklənməsi məqsədi ilə Rusiyadan yardım istəməsi də bunu təsdiqləyir. ABŞ kəşfiyyatının rəsmiləri bildirmişdirlər ki, yanacaq İranın nüvə reaktorlarını işlətməyə yardım etməklə potensial olaraq bu ölkənin nüvə silahı yaratması üçün lazım olan vaxtı qısalda bilər, bu isə təhlükəli yeni nüvə erasının astanasında olan dünyanın onsuz da gərgin olan vəziyyətini daha da gərginləşdirəcəkdir.

Qeyd edək ki, Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, beynəlxalq münasibətlər və siyasi iqtisadiyyat üzrə tədqiqatçı və analitik, Təşəbbüslər və Layihələr Mərkəzinin direktorudur.