Azərbaycanda səfərdə olan Ukrayna Daxili İşlər Nazirliyinin Xarkov Milli Daxili İşlər Universitetinin rektoru, polis polkovniki, hüquq elmləri doktoru Valeriy Sokurenko mətbuat konfransı keçirib.
“Qafqazinfo”nun Azadinform-a istinadən məlumatına görə, universitet rektoru Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, bu gün Ukrayna və Azərbaycanın ortaq problemi var. Onun sözlərinə görə, Ukrayna Xocalı faciəsi məsələsində Azərbaycanı anlayır və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın yanındadır: "Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapacaq və Azərbaycanın işğal altındakı torpaqları azad ediləcək. Mən Azərbaycanda səfərdə olmağıma çox şadam və bildirmək istəyirəm ki, bu ölkə çox inkişaf edib”.
S.Vasilyeviç rəhbəri olduğu universitet haqqında danışaraq, universitetin 1994-cü ildə yaradıldığını və 2001-ci ildə Ukrayna prezidenti tərəfindən milli status aldığını bildirib. O qeyd edib ki, universitetdə 62 elmlər doktoru, 46 professor, 357 elmlər namizədi və 178 dosent kursant və tələbələrlə çalışır: "Burada gələcəyin müstəntiqləri, əməliyyatçıları təhsil alır. Müxtəlif poliqonlar təşkil edilir. Universitetdə ciddi nizam-intizam var, tələbələrə polkovnik və digər yüksək rütbəli hərbçilər dərs keçir".
“Bilik, qanun və ləyaqət universitetimizin devizidir”- rektor bildirib.
Rektor əlavə edib ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə görüşəcək. O, hüquq-mühafizə sahəsində iki ölkə arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırıb: "Bu baxımdan Azərbaycanlı tələbələrin bizim universitetdə təhsil alması faydalı olardı".
Hüquq və ictimai əlaqələr fakültəsinin dekanı, hüquq elmləri doktoru Sinequbov Oleq Vasilyeviç də universitet haqqında ətraflı məlumat verib və jurnalistlərin suallarını cavablandırıb.
Tədbirdə universitet haqqında video-rolik nümayiş etdirilib.
Son xəbərlər
Son Xəbərlər