Ukrayna və Türkiyə azad ticarət sazişi imzaladı

ukrayna-ve-turkiye-azad-ticaret-sazisi-imzaladi
Oxunma sayı: 1282

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə Ukraynada 8 saziş imzalanıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, onlardan biri də azad ticarət haqqında sazişdir. Türkiyənin ticarət naziri Mehmet Muşla Ukraynanın Baş naziri Denis Şmıqal tərəfindən imzalanan sazişlə bağlı Ərdoğan deyib: 

“Bu saziş iki ölkənin əməkdaşlığını genişləndirəcək. Keçən il 60%-ə yaxın artımla 7,5 milyard dollara çatan ticarət həcmimizi 10 milyard dollar hədəfinə çatdırmaq üçün atılacaq addımları qiymətləndirdik. Səmimiyyətlə inanıram ki, Azad Ticarət Sazişi bizi tez bir zamanda bu məqsədə çatdıracaq. Türkiyə şirkətlərinin Ukraynada infrastruktur layihələrini uğurla tamamlamaları bizi qürurlandırır. Turizm sahəsində də əməkdaşlığımız getdikcə güclənir. Pandemiyaya baxmayaraq, ötən il 2 milyondan çox ukraynalı dostumuzu ölkəmizdə qonaq etdik. Bu il də yeni rekordlar əldə edəcəyimizə əminəm”. 

Azad Ticarət Sazişi münasibətilə hamını təbrik edən Zelenski bildirib: 

“Uzun və çətin yol qət etdik. Bu, iş dünyası üçün yeni qazanclar, məşğulluq, investisiyalar və ölkələrimizin rifah səviyyəsinin yüksəlməsi deməkdir. Saziş bağlanmazdan əvvəl hədəfimiz ildə 7 milyard dollara yüksələrək yeni rekord qırmışdı. Bu da 10 milyardlıq hədəfimizin də mümkün olduğunu göstərdi. Azad Ticarət Sazişi bu hədəfə istədiyimizdən daha qısa müddətdə çatmağımızı təmin edəcək”.