Ukraynada “Bayraktar” istehsalı bu tarixdən başlayacaq

ukraynada-bayraktar-istehsali-bu-tarixden-baslayacaq
Oxunma sayı: 2508

“Bayraktar” PUA-larının istehsalı zavodu 2023-cü ilin sonunda Ukraynada fəaliyyətə başlaya bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar açıqlama verib.

“Zavodun tikintisi bir neçə ay çəkə bilər və zavodun işə salınması 2023-cü ildə, bəlkə də sonunda ola bilər”, - səfir bildirib.

O, həmçinin əlavə edib ki, Ali Radada zavodla bağlı sazişin ratifikasiyası prosesinə baxmayaraq, “Baykar Makina” tikintiyə başlamaq üçün artıq hazırlıq işlərinə başlayır.

“Əlbəttə, müəyyən avadanlıqların idxalı ilə bağlı bəzi nüanslar var, lakin bunlar texniki detallardır. Ümid edirəm ki, yaxın aylarda bu məsələdə müəyyən irəliləyişlərin şahidi olacağıq", - Bodnar əlavə edib.

Səfir həmçinin qeyd edib ki, “Baykar Makina” artıq Ukraynada torpaq sahəsi alıb, zavodun özü üçün layihə hazırlayıb və onu sona qədər həyata keçirməyə hazırdır.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı zavodu tikiləcəyi halda dərhal demilitarizasiya ediləcəyini bildirib.