Ukraynada məmurların evində axtarış aparılır - Yenilənib

ukraynada-memurlarin-evinde-axtaris-aparilir
Oxunma sayı: 3730

13:12

Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun evində axtarış aparılıb.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, axtarış əməliyyatı Ukraynanın Təhlükəsizlik Xidməti və Dövlət Təhqiqatlar Bürosu tərəfindən həyata keçirilib. 

Bildirilir ki, sözügedən əməliyyat Fransanın “Airbus” helikopterlərinin alınması ilə bağlıdır. 

Məsələyə münasibət bildirən Avakov isə bunları deyib: “Helikopter qəzası ilə bağlı axtarışlar başa çatdı. “Airbus” helikopterinin alınması ilə bağlı 6 il əvvəlin müqavilələrinə baxdılar. Təbii ki, orada heç nə yoxdur. Müqavilələr hökumət və parlament tərəfindən təsdiq olunublar”.

Xatırladaq ki, yanvarın 18-i Kiyev vilayətinin Brovarı şəhərində uşaq bağçasının ərazisində helikopter qəzaya düşüb. Qəzada ölkənin DİN rəhbəri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin də olmaqla ümumilikdə 18 nəfər həlak olub, daha 26 nəfər isə yaralanıb. Qəzaya uğrayan helikopter Avakovun vəzifədə olduğu dövrdə Ukrayna DİN tərəfindən alınıb.

14:52

Bununla yanaşı, ukraynalı sahibkar İqor Kolomoyskinin evində də axtarış aparılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kolomoyskinin evində “Ukrtatnafta” və “Ukrnafta” şirkətləri ilə bağlı maliyyə maxinasiyasına dair sübutlar axtarıb. 

Eyni zamanda, Ukrayna Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyinin Dövlət Satınalmaları Departamentinin eks-direktoru Boqdan Xmelnitskinin də evində axtarışlar həyata keçirib. Axtarışlar 123 milyon qrivnaya keyfiyyətsiz bronjiletlərin alınması işi ilə bağlı keçirilib.

“Strana” yazır ki, hazırda hərbi sahədə müxtəlif səviyyələrdə korrupsiya ilə bağlı daha bir neçə məmurun evində axtarış aparılır.