Ukraynanın Xarkov şəhərində vəfat etdiyi xəbəri yayılan, daha sonra sağ olduğu məlum olan azərbaycanlı sürücü - Tahirov Samir Sürəddin oğlundan yeni xəbər var.
Belə ki, sürücünün yaxınları “Qafqazinfo” ilə əlaqə saxlayaraq Samirin Xarkov şəhərində yerləşən xəstəxanada ikinci dəfə əməliyyat olduğunu bildiriblər.
Azərbaycanlı sürücünün qohumu Pərvaz Kişiyevin sözlərinə görə, mütəmadi olmasa da, vaxtaşırı Samirlə telefonla danışa bilir: “O, hazırda Xarkovda 4 saylı xəstəxanadadır. Samirin özünün telefonu yoxdur. O, digər xəstələrin yanına gələn ziyarətçilərin telefonu ilə bizimlə əlaqə saxlayır”.
Pərvaz Kişiyev qeyd edib ki, qohumu fevralın 27-də Xarkovda yük maşını idarə edərkən baş verən atışma zamanı yaralanıb: “Samirə sağ ayağından, onunla bir maşında olan sürücü yoldaşı Bayramov Yusifə isə qarın nahiyəsindən güllə dəyib. Onların ikisini də eyni xəstəxanaya aparıblar. Hazırda ikisi də xəstəxanada müalicə alır. Samir xəstəxanaya çatdırılarkən əməliyyat olunub. O, üç gün əvvəl - martın 7-si yenidən əməliyyat edilib”.
Həmsöhbətimiz deyib ki, məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə məlumat verib: “Onlar məsələni araşdırıqlarını bildirdilər, lakin iki gün sonra mənimlə əlaqə saxlayıb, dedilər ki, Samirin yaşayıb-yaşamadığını dəqiqləşdirə bilmirlər. Lakin bu müddət ərzində mən onunla əlaqə saxlamışdım, onun sağ olduğunu bilirdim. Biz istəyirik ki, səfirliyimiz və ya diaspor Samirin Xarkovdan Moldovaya təxliyə edilməsində kömək etsin”.
“Qafqazinfo”nun əldə etdiyi qeyri-rəsmi məlumata görə, hazırda Ukraynadan ilk növbədə təhlükəli vəziyyətdə qalan qadınlar və azyaşlı uşaqlar təxliyə edilir. Yaralı şəxslər daha təhlükəsiz hesab edilən xəstəxanalarda olduqları üçün onların təxliyəsi sonrakı mərhələdə təşkil ediləcək.
Eldar Tanrıverdi

Son xəbərlər
Son Xəbərlər