Ukraynanın Azərbaycandakı səfiri brifinq keçirdi - Yenilənib

ukraynanin-azerbaycandaki-sefiri-brifinq-kecirdi
Oxunma sayı: 3330

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy Ukrayna-Rusiya müharibəsi ilə bağlı brifinq keçirib.

“Qafqazinfo” xəbər verir ki, səfir mətbuat konfransında bildirib ki, bu günə olan məlumata görə, Ukrayna ordusu 800 Rusiya hərbçisini zərərsizləşdirib: “Bu gün Rusiyanın Ukraynaya təcavüzünün ikinci günüdür. 7 təyyarə, 7 helikopter, 30-a yaxın tank məhv edilib. Rusiya qoşunları Çernobıl AES-i ələ keçirib. Nüvə tullantılarının saxlanıldığı yer təhdid altındadır”.

Səfir qeyd edib ki, Xerson, Novaya Opokovka, Areşkin şəhərləri Rusiya tərəfindən ələ keçirilib: “Kiyev yaxınlığında ağır döyüşlər gedir. Gecə Kiyev raket hücumlarına məruz qalıb. Raket yaşayış kompleksinə düşüb. Nəticədə 8 nəfər yaralanıb, 150 nəfər təxliyə olunub”.

***

Kanevskiy əlavə edib ki, Azərbaycanın baş verənlərlə bağlı mövqeyi XİN-in saytında yerləşdirilən məlumatlarda səsləndirilib: “Azərbaycan Ukraynanın strateji tərəfdaşı və dostu olaraq hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Azərbaycan Prezidenti də Ukraynaya son səfəri zamanı ölkəmizin ərazi bütövlüyünü dəstəkləmişdi”.

***

Səfir Vladislav Kanevskiy bildirib ki, Kiyevin raket atəşinə tutulması Gəncə və Mingəçeverin atəşə tutulmasına bənzəyir:

“Mən barıt iyini çox yaxşı xatırlayıram. Çünki, mən Gəncənin bombalanmasının səhəri günü ordada idim, dağıntıları gördüm. Dağıntılar arasında dayananda mən bu əllərimdə balaca qızcığazın ayaqqabısını tutmuşdum. O uşaqdan yalnız bu xatirə qalmışdı. Bu gün bizdə, Ukraynada barıt qoxusu gəlir, anoloji hadisələr yaşanır”.

Kanevskiy xatırladıb ki, sonuncu dəfə Kiyev 1941-ci ildə nasistlər tərəfindən bombalanıb.

***

Diplomat qeyd edib ki, Ukrayna dəstəyə görə Azərbaycan xalqına minnətdardır:

“Azərbaycan vətəndaşlarından çoxsaylı zənglər gəlib. İnsanlar ölənlərin xatirəsini yad etmək üçün səfirliyə gül dəstələri gətirirlər. Fürsətdən istifadə edib verdiyi dəstəyə görə Azərbaycan xalqına minnətdarlığımı bildirirəm”.

V. Kanevskiyin sözlərinə görə, Azərbaycanda olan xeyli sayda Ukrayna vətəndaşı ölkələrinə qayıtmaq istəyir: “Bildiyiniz kimi, Ukrayna hava məkanı və dəniz yolu bağlıdır. Biz hazırda alternativ marşurutun yaradılması üzərində iş aparırıq. Bu sahədə hər hansı bir yenilik olarsa, səfirliyimiz vasitəsilə ictimaiyyətə məlumat veriləcək”.

Eldar Tanrıverdi