“Qafqazinfo” həmin bəyanatı təqdim edir:
Aylarla davam edən ardıcıl siyasi mübarizənin məntiqi nəticəsi olaraq, nəhayət ki, Ukrayna xalqı rusiyapərəst hakim komandanın siyasi hakimiyyətinə son verdi. Məlum hadisələr zamanı ölənlər və yaralananlar oldu. Dünya birliyi, eyni zamanda Azərbaycandakı demokratik kəsim Ukrayna xalqının bu haqq işini təqdir etdiyi halda, Rusiyanın işğalçı təfəkkürlü Putin hakimiyyəti bu ölkənin suverinliyini pozan addımlara rəvac verdi. Ukrayna ərazisinə rus qoşunlarının soxulması, hərbi hissələrin ələ keçirilməsi, insanların girov götürülülməsi, bu dövlətin təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdiddir. Rusiyanın hakim dairələri, bu addımları ilə xalqların müstəqil şəkildə öz müqəddəratlarının həllinə bilərəkdən, məqsədli şəkildə maneçilik törədirlər. Ukrayna ərazisinə olunan hərbi müdaxilə eyni zamanda sadə ukraynalılara demokratik yolla öz siyasi hakimiyyətlərinin formalaşdırmağa mane olmaq məqsədi daşıyır. Rusiya siyasəti ilə bu tip hadisələrdə ölkələrdəki azsaylı xalqları da çıxılmaz duruma salır. Zaman - zaman Rusiyanın etnik xalqlara yönəli məqsədli, riyakar siyasətinin nəticəsi olaraq, münaqişə sonrası məhz həmin xalqların yerli xalqla münasibətləri kəskin şəkildə pisləşir. Bu da yeni münaqişə ocaqlarının yaranması deməkdir. Tarix boyu Rusiya məhz xalqlar arası münaqişələr konteksində postsovet ölkələrinin daxili siyasətinə nüfuz etməkdədir. Dünya birliyi bu siyasətin acı nəticəsinin Gürcüstan – Rusiya müharibəsindən sonra bir daha şahidi oldu.
Həmçinin Rusiyanın bu hərəkəti MDB və Kollektiv Təhlükəsizlik nizamnaməsinin pozulmasıdır. Rusiya bütün hallarda nəinki Ukraynanın, eyni zamanda digər postsovet ölkələrinin demokratikləşməsində və Avropaya inteqrasiyasında ciddi maneədir.
Qarabağ bloku Azərbaycan hökumətindən və digər MDB üzvü olan dövlətlərdən MDB-nin tərkibindən çıxmağı təklif edir və bildirir ki, MDB deyilən məkanda tərəflərin hüquqi bərabərliyi, biri-birinə qarşılıqlı hörmət anlayışı yoxdur. Rusiyanın maraqları var və bu maraqlar çox zaman digər dövlətlərin maraqlarını üstələyir, əzib keçir, hətta ölkələrin ərazi bütövlüyünə müdaxilə edir. Ukraynada baş verənlər bunun bariz nümunəsidir.
MDB yaranandan bu günə qədər faktiki olaraq heç bir ölkənin hüquqları MDB çərçivəsində qorunmayıb. Rusiya Ukraynanın, eləcə də digər postsovet ölkələrində xalqların seçiminə hörmət etməyib. Blok üzvləri hazırda hadisələrin
Ukraynada cərəyan etdiyini və faktiki olaraq MDB-yə sədrlik bu ölkədə olduğunu nəzərə alaraq, Ukraynanı MDB-dən çıxmaqla bağlı ilk addımı atmağa çağırır.
Qarabağ Bloku Amerika Birləşmiş Ştatlarını, Böyük Britaniyanı, Almaniyanı, Fransanı, eyni zamanda Birləşmiş Millətlər Təşkilatını, Avropa Birliyini məhz bu anda Ukrayna xalqına dəstək olmağa çağırır. Eyni zamanda Blok Rusiyanın siyasi hakimiyyətinə özünün də imzaladığı Budapeşt sammitinin müddəalarına əməl etməyin vacib olduğunu bir daha xatırladır. Əks halda imperialist təfəkkürlü Rusiya hakimiyyətinin dünya jandarmı istəyi ən qısa zamanda maneəsiz reallaşacaqdır. Bu da diktaturalı rejimlərdən qurtulmaq istəyən xalqların azadlıq mübarizəsini əngəlləyəcək, həmin xalqları illərlə avtoritar qaydalarla idarə edən siyasi hakimiyyətlərin ömrünün uzanmasına səbəb olacaq, dünyada yeni konfliktlər ocağı yaranacaq.
Qarabağ Bloku bir daha Ukraynanın ərazi bütövlüyünü tanıdığını və Rusiyanın ölkənin ərazi bütövlüyünə qəsdini qəti şəkildə pislədiyini bəyan edir.
Son xəbərlər
Son Xəbərlər