“Ulduz”da sahibsiz çanta gərginlik yaratdı

ulduzda-sahibsiz-canta-gerginlik-yaratdi
Oxunma sayı: 2194

Bu gün metroda iki nəfərin “TikTok” sosial şəbəkəsinə video çəkmək məqsədilə vaqonda təşviş yaratması ilə bağlı məlumat yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisənin saat 12:00 radələrində metronun “Ulduz” stansiyası istiqamətində baş verdiyi bildirilir. Qeyd olunur ki, iki gənc oğlan əllərində olan çantanı yerə atıb qaçıblar. Nəticədə qatardakı sərnişinlər arasında təşviş yaranıb. 

Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib. O bildirib ki, vaqonda olan sərnişinlərdən biri orada sahibsiz zənn etdiyi çanta barəsində rabitə vasitəsilə maşinistə məlumat verib: “Dərhal dispetçerin tapşırığına əsasən stansiya növbətçisi polis əməkdaşı ilə birgə vaqona baxış keçirib. Məlumat verən qadın onlara çantanı göstərib. Lakin bu zaman məlum olub ki, əşyanın sahibi bir qədər aralıdakı sərnişindir. “TikTok” çəkilişi ilə bağlı nəsə olmayıb”.