“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir:
“ Əsası Həsənbəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycanın milli mətbuatının yaranmasından 139 il ötür. Bu müddət ərzində Azərbaycan mətbuatı keşməkeşli bir tarix yaşayıb, ağır sınaqlardan keçib. Azərbaycanın ikinci müstəqillik tarixində də gərgin mərhələlərin birgə şahidi olmuşuq. Birinci Qarabağ savaşı, demokratiya uğrunda mübarizə, keçid dövrü və digər mərhələlərdə, proseslərdə jurnalistlər, mətbuat işçiləri də çətin və şərəfli bir missiya daşıyıblar.
Bütün dövrlərdə jurnalistlər peşə borcunu yerinə yetirərkən dövlətimizin və millətimizin maraqlarını qorumağa çalışmış, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında , ölkədə insan haqlarının qorunması və demokratikləşmə uğrunda mübarizədə əvəzsiz rol oynamış, Azərbaycanın imicinin yüksəldilməsi üçün əllərindən gələni ediblər. Təəssüflər olsun ki, bu gün Azərbaycan mətbuatı da problemlərdən uzaq deyil, azad və müstəqil mətbuat hələ də formalaşmayıb.
Biz Ümid Partiyası olaraq bu problemlərin aradan qaldırılması, jurnalistlərin normal fəaliyyətinə şərait yaradılması üçün əlimizdən gələni etmişik və edəcəyik. Bununla bağlı ölkə rəhbərliyinə müraciətlərimiz olub, parlamentdəki çıxışlarımız zamanı dəfələrlə məsələ qaldırmışıq. Hesab edirik ki, mətbuatın problemləri dövlət səviyyəsində həll edilməlidir. Eyni zamanda bütün bu çətinliklər qarşısında Azərbaycan jurnalistikasının əzmkarlığının şahidi olmuşuq.
Biz bu şərəfli yolda, böyük və yenilməz Azərbaycan uğrunda mübarizədə sizə uğurlar arzu edirik. Tanrı sizə yar olsun!".
Son xəbərlər
Son Xəbərlər