“Ümid”dən RLS açıqlaması

umidden-rls-aciqlamasi
Oxunma sayı: 666

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan – Rusiya münasibətlərinin inkişaf etdirilməsini normal hal kimi dəyərləndirən T.Əliyev Azərbaycanın hərbi sahədə Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə deyil, NATO ilə əməkdaşlıq etdiyini bir daha diqqətə çatdırıb: “Hesab edirəm ki, Azərbaycan Qəbələ RLS-ni yenidən Rusiyaya icarəyə verməklə strateji olaraq qazanmır, əksinə milli maraqlarımıza qarşı yeni təhdidlər yaradır. Hər şeydən öncə Qəbələ RLS Azərbaycanın hərbi və dövlət əhəmiyyətli obyektlərinə nəzarət edə bilir. Kim zəmanət verir ki, sabah bu stansiyanın Azərbaycanla bağlı məlumatları Ermənistan tərəfinə ötürülməyə bilər. Digər tərəfdən həm də bu stansiya vasitəsi ilə bütün yaxın şərqdəki proseslərə nəzarət etmək olur. Məncə Azərbaycan bu informasiyalara malik olsa da öz dövlət maraqları üçün bundan yararlana bilməz. Çünki nə dövlətimizin mövcud potensalı buna imkan verir, nə də hazırkı iqtidarın belə bir siyasi istəyi hiss olunur.”

T.Əliyev stansiyanı ekoloji cəhətdən də qeyri-qənaətbəxş hesab edib və bunun Azərbaycanın turizm sənayesi üçün də potensial təhlükə mənbəyi olduğunu xatırladıb: “Turizm üçün böyük infrastrukturun qurulduğu Qəbələ rayonu ərazisində yeni beynəlxalq aeroportun tikilməsi barədə dövlət başçısının göstəriş verməsi də onu göstərir ki, Azərbaycan bölgədə turizmi inkişaf etdirməklə daha çox şey qazana biləcəyini düşünür, nəinki Qəbələ RLS-ni yenidən Rusiyaya icarəyə verməklə. Rusiya tərəfinin bu məsələdə israrlı olması da başa düşüləndir”. Sədr müavini Qəbələ RLS-in həm Yaxın Şərqdə itirilmiş nüfuzu bərpa etmək, həm də fəaliyyətini daha yaxından izləmək üçün bölgəni nəzarətdə saxlayan strateji obyekt kimi Rusiyanın milli maraqlarına uyğun uyğun gəldiyini bildirib.

Qeyd edək ki, Azərbaycanda işgüzar səfərdə olan Rusiyanın Müdafiə naziri Anatoli Serdyukov Azərbaycanlı həmkarı Səfər Əbiyevlə görüşü zamanı da Qəbələ RLS barədə fikir mübadiləsi aparmışdı.