Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Səhiyyə işçiləri günü münasibətilə “Ümummilli lider və Milli səhiyyənin inkişafı” mövzusunda tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nəsimi rayon ərazisində yerləşən səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak ediblər.
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının baş həkimi Fariz Camalov bildirib ki, Azərbayan səhiyyəsi müasir inkişaf etmiş dünya səhiyyəsi standartlarına uyğun kadrlarla, hər cür avadanlıqlarla, yüksək keyfiyyətə malik maddi- texniki baza ilə təmin olunub.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək şərəfli işlərində uğurlar arzulayıb.
Asif Əsgərov vurğulayıb ki, Ümummilli Liderin 2001-ci ildə imzaladığı Sərəncamla Səhiyyə İşçiləri Gününün təsis edilməsi Heydər Əliyevin həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir:
“İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır”.
Son xəbərlər
Son Xəbərlər