“Ümumrespublika Təmizlik Marafonuna start verilir”

umumrespublika-temizlik-marafonuna-start-verilir
Oxunma sayı: 2216

“Sabahdan ümumrespublika təmizlik marafonu başlayır”.

Bu barədə “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, “Təmiz ölkəm” devizi altında hər həftəsonu keçirilən təmizlik aksiyalarının əhatə dairəsini genişləndirilir: “Artıq hər həftənin 4-cü və 6-cı günləri bütün ölkə ərazisinin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edəcək Ümumrespublika Təmizlik Marafonuna start verilir”.

İ.İbrahimovanın sözlərinə görə, bir neçə ildir davamlı olaraq keçirilən və bütün ölkə ərazisini əhatə edən təmizlik aksiyaları artıq cəmiyyətin müəyyən bir təbəqəsində məsuliyyət ənənəsi formalaşdırıb: “Hesab edirik ki, davamlı təmizlik aksiyaları vətəndaşlarımızda cavabdehlik məsuliyyəti formalaşdırır, tullantılarla çirkləndirilmiş yerlərə görə hansısa qurumun deyil, hər birimizin məsuliyyətinin olduğunu başa düşməyə şərait yaradır”.

“Yay mövsümü nə qədər xoş istirahətlərlə xatırlansa da, həm də təbiət ərazilərinin tullantılarla çirkləndirilməsi ilə yadda qalır. Təəssüf ki, meşələr, çay kənarları, dəniz sahilləri məhz istirahətə gələnlərin atdığı tullantılarla çirkləndirilir və həmin ərazilərdə xoşagəlməz mənzərə yaranır. Xoşagəlməz və utandırıcı mənzərələrlə qarşılaşmamaq üçün gəlin bir olaq, tullantıları hara gəldi atmayaq və ətraf mühitin təmizliyinə birgə müvəffəq olaq”, - nazirliyin sözçüsü qeyd edib.