UNESKO-ya üzv dövlətlərin nazirləri virtual görüşdü

unesko-ya-uzv-dovletlerin-nazirleri-virtual-gorusdu
Oxunma sayı: 1162

Bu gün UNESKO-ya üzv dövlətlərin Mədəniyyət nazirlərinin ilk virtual görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşün təşkilində əsas məqsəd COVID-19 pandemiyasının mədəniyyət sahəsinə təsiri, eləcə də bu çərçivədə görülən tədbirlərlə bağlı nazirlər arasında fikir mübadiləsinin aparılması olub. Görüşdə dünyanın 180-dən çox ölkədən nazirlər və digər yüksək səviyyəli rəsmilər iştirak edib. 

Məlum olduğu kimi, COVID-19 pandemiyası ilə bağlı dünyada yaranmış vəziyyət bir çox sahələr kimi mədəniyyət sahəsinə də təsirsiz ötüşməmiş, mədəniyyət məkanlarına gediş məhdudlaşdırmış, əksər mədəni tədbirlər təxirə salınıb və ya ləğv olunub.

UNESKO Mədəniyyət nazirlərinin birinci virtual görüşündə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev ilk öncə pandemiya dövründə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlər barədə danışaraq, ölkə başçısı tərəfindən imzalanan müvafiq sərəncamlar haqqında məlumat verib. Bu sahədə dövlət qurumlarının fəaliyyətini əlaqələndirən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın gərgin fəaliyyəti sayəsində ölkəmizdə pandemiya ilə bağlı vəziyyətin vaxtında nəzarətə götürüldüyü və xəstəliyin geniş  yayılmasının qarşısının alındığı diqqətə çatdırılıb.

Xüsusi karantin şəraitində dövlətimizin həyata keçirdiyi müxtəlif sosial proqramlar haqqında da məlumat verən Ə.Qarayev daha sonra Mədəniyyət Nazirliyi tərəfindən də 20-dən artıq layihənin həyata keçirildiyini qeyd edib. Misal olaraq “Evdə qal, evdə yarat” təşəbbüsü, “Bizi birləşdirən mədəniyyət”, “Yaradıcılığı evdə öyrən” və digər layihələrdən danışan nazir onların mövcud şəraitdə xüsusi önəmini vurğulanıb. 

Mövcud şəraitdə qlobal layihələrin əhəmiyyətindən söz açan nazir həmçinin bildirib ki, Azərbaycan UNESKO tərəfindən 15 aprel tarixindən etibarən açıq elan edilən "ResiliArt" qlobal hərəkatına fəal şəkildə qoşulub və bu hərəkatı ölkəmizin yaradıcı adamları arasında təbliğ etməkdədir. 

Qeyd edək ki sözügedən hərəkat COVID-19 pandemiyasının mədəniyyət sahəsinə hərtərəfli təsiri barədə məlumatlılıq səviyyəsini artırmağı və incəsənət adamlarını bu böhran zamanı və böhrandan sonra da dəstəkləməyi hədəfləyir.