“Unibank” müştərilərinin hesabından niyə pul çıxılır? - Açıqlama

unibank-musterilerinin-hesabindan-niye-pul-cixilir
Oxunma sayı: 5716

Bir neçə gündür sosial şəbəkələrdə “Unibank” müştərilərinin kart hesablarından müxtəlif məbləğlərin çıxılması ilə bağlı məlumatlar yayılıb. 

“Qafqazinfo”nun məlumatına görə, müştərilər iddia edir ki, özlərinin xəbərləri olmadan hesablarından vəsait silinir. Bəzi hallarda çıxılan məbləğin sonradan bərpa olunduğu qeyd olunsa da, digərləri silinən vəsaiti qaytarmaq üçün banka müraciət etməli olublar. Şikayətçilər 10 gündən artıqdır ki, banka məxsus mobil tətbiqetmənin də işində çətinliklər yarandığını bildirirlər. 

“Bu gecə hesabımdan 50 manat çıxılıb. Nəyə çıxıldığını bilmirəm. 11 gündür tətbiq düzgün işləmir. Kart hesabından çıxarış göstərmir. Mesajlarıma da artıq cavab verilmir. Telefon xəttinə düşmək üçün yarım saat xətdə gözləmək lazımdır…”, - Elşən Yusibov adlı müştəri yazıb.

Digər müştəri Haldun Novruzzadə isə kart hesabından 181 manat silindiyini, məsələni araşdırmaq üçün banka gedərək iki saata yaxın növbə gözlədiyini yazır. İstifadəçilər hesabdan pul çıxarmada da çətinliklə üzləşdiklərini qeyd edirlər.

Problemlə bağlı “Unibank”a müraciət etdik. Bankdan bildirilib ki, qısa müddətdə çətinliklər aradan qaldırılacaq: “Unibank kartlarına xidmətin bankın öz Kart Prosessinq Mərkəzinə köçürülməsi ilə bağlı proseslər yekunlaşmaq üzrədir. Proses tamamilə yekunlaşmadığından bir sıra müştərilərin kart əməliyyatlarında məhdudiyyətlər qalır və yaxud kart balansları səhv göstərilir. "Unibank" bildirir ki, ən qısa müddətdə bu çətinliklər aradan qaldırılacaq və həmin müştərilər çox rahatlıqla kart əməliyyatlarını həyata keçirə biləcəklər. Bank yaranmış məhdudiyyətlərə görə müştərilərdən üzr istəyir və bu vəziyyəti anlayışla qarşıladıqları üçün onlara minnətdarlıq edir. Bank müştərilərini bir daha narahat olmamağa çağırır, məsələnin ən qısa müddətdə həllini tapacağını bildirir”.

Gülnar Əliyeva