UNICEF-in Ermənistandakı nümayəndəsinin fəaliyyətinə xitam verildi

unicef-in-ermenistandaki-numayendesinin-fealiyyetine-xitam-verildi
Oxunma sayı: 1098

Merienn ​Klark-Hattinqin UNICEF-in Ermənistandakı nümayəndəsi kimi səlahiyyətlərinə xitam verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “Sputnik Ermənistan”a bildirib.

Qərarın verilməsinə səbəb UNICEF-in Ermənistandakı nümayəndəsi Merienn Klark-Hattinqin mandatının icrasındakı çatışmazlıqlar və UNICEF nümayəndəsinin qeyri-konstruktiv iş metodu olub.

“Qərar barədə BMT-nin daimi nümayəndəsi və UNICEF nümayəndələri məlumatlandırılıb”,- deyə Naqdalyan açıqlamasında bildirib.

Daha əvvəl XİN-dən olan bir mənbə “Sputnik Ermənistan”a Klark Hattinqin ölkəni tələsik tərk etməsi barədə məlumatı təsdiqləmişdi. Verilən məlumata görə, Hattinqin Ermənistanı təcili tərk etməsi vəzifəsinin icrasında yol verdiyi səhvlərdən qaynaqlanır. Ancaq sözügedən mənbə səhvlərin nədən ibarət olduğunu açıqlamayıb.

“Mediaport” telegram kanalı isə Klark-Hattinqin Böyük Britaniyanın xeyrinə casusluqla məşğul olduğunu və bu səbəbdən Ermənistan hökumətinin onu arzuolunmaz şəxs elan etdiyini iddia edib.