Universitetdə Sona Vəliyeva ilə görüş keçirilıdi

universitetde-sona-veliyeva-ile-gorus-kecirilidi
Oxunma sayı: 2284


“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, görüşdə şairənin qələm dostları, ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən ADU-nun kafedra müdiri, professor Fəridə Səfiyeva şairənin yaradıcılığı haqqında məlumat verib, “Kaspi” qəzeti - “Kaspi” Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda “Hüseyn Cavid. Əsərləri” kitabının nəşr olunduğunu qeyd edib. O, bildirib ki, oxucular Sona Vəliyevanı  maarifçi, ziyalı, şair, alim, xalqını və dövlətini çox sevən bir qadın kimi tanıyırlar. F.Səfiyeva şairənin yaradıcılığının, elmi işlərinin və peşə fəaliyyətinin vahid bir sistem təşkil etdiyini və bu sistemin bütünlüklə azərbaycançılıq  ideologiyasına  xidmət etdiyini diqqətə çatdırıb. O, Sona Vəliyevanın azərbaycançılıq ideologiyasının əsas tədqiqatçılarından və yorulmaz təbliğatçılarından olduğunu vurğulayıb. Kafedra müdiri deyib ki,  S.Vəliyevanın  “Azərbaycançılıq ideologiyasının təşəkkülü və tarixi inkişaf yolu” əsərinin azərbaycançılığın təbliği sahəsində özünəməxsus rolu var. 

Tədbirdə nümayiş olunan videoçarxda Sona Vəliyevanın həyat və yaradıcılığından bəhs edilməklə yanaşı, qələm yoldaşlarının tanınmış şairə haqqında dəyərli fikirləri də yer alıb.

Sonda çıxış edən Sona Vəliyeva tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Yaradıcılığının əsas cəhətlərindən danışan S.Vəliyeva deyib ki, Azərbaycan xalqı öz dilini və mədəniyyətini bütün assimilyasiya basqılarından qoruyaraq bu günə kimi yaşada bilib. Dil millətin var olmasında ən mühüm amildir. Sona Vəliyeva Azərbaycan dilinin inkişafının, azərbaycançılıq ideyasının müstəqilliyimizin bərpasından sonra Heydər Əliyev tərəfindən daha da inkişaf etdirilərək yalnız Azərbaycan Respublikasının deyil, bütün dünya azərbaycanlılarının ideologiyası səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.