Ünvanlı sosial yardım proqramının əhatə dairəsi daha da genişləndiriləcək

unvanli-sosial-yardim-proqraminin-ehate-dairesi-daha-da-genislendirilecek
Oxunma sayı: 3071

Prezident İlham Əliyev “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu təsdiq edib.Dövlət başçısının sosial sahə ilə bağlı əsas  tapşırıqlarından biri ünvanlı dövlət sosial yardımı proqramının icra mexanizminin sadələşdirilməsi, bu yardımın təyin olunması meyarlarının yumşaldılması və aztəminatlı ailələrin proqrama əlçatanlığının artırılması, ümumilikdə bu proqramın genişləndirilməsidir. Bununla bağlı müvafiq işlər aparılıb, son aylarda əlavə olaraq 15 minədək ailə bu proqramdan faydalanmağa başlayıb və indi 85 minə yaxın ailə (350 mindən çox şəxs)  bu yardımı alır. Hər ailəyə orta hesabla ayda 225 manat verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yeni təsdiqlənən Qanun isə ünvanlı sosial yardımın təyinatı meyarlarının yumşaldılmasında, aztəminatlı ailələrin proqrama əlçatanlığının artırılmasında, proqramın daha da genişləndirilməsində mühüm addımlar atılmasına imkan verir.

Əsas yeniliklərdən biri ünvanlı sosial yardımla bağlı ailənin müraciətlərinə faktiki yaşayış yeri üzrə baxılmasını nəzərdə tutur. Ailə tərkibində əmək qabiliyyətli olub güzəştli səbəbdən işləməyən şəxslərin sırası da dəqiqləşdirilməklə, genişləndirilib.

Belə ki, bu siraya birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edən, 23 yaşınadək əyani təhsil alan  əmək qabiliyyətli ailə üzvləri də aid edilib. Habelə ailə tərkibində deyil, ailənin yalnız gəlirlərində baş verən dəyişiklik nəzərə alınacaq, bu  dəyişiklik barədə  məlumat verilməsi üçün müddət də artıq 5 iş günündən 15 iş gününə qədər uzadılıb.

Yeni Qanuna uyğun olaraq, hazırlanmış Qaydanın layihəsində ünvanlı sosial yardım hüququna baxılan zaman ailənin götürdüyü kreditin gəlir kimi nəzərə alınmaması və yardım təyinatına mane olmaması əksini tapır. Sosial yardım üçün müraciət edən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizdən çox olmamalıdır, lakin həmin nisbətin 15 faizə çatdırılması nəzərdə tutulub.

Həmçinin yeni Qaydanın layihəsində ünvanlı sosial yardım üçün müraciət  edərkən tələb olunan məlumatların sayının əhəmiyyətli dərəcədə azaldılması, ünvanlı sosial yardım təyin olunmuş ailələrin özünüməşğulluq proqramı vasitəsilə kiçik biznesə çıxışına və gəlir imkanlarını artırmalarına şərait yaradılması və s. kimi yeniliklər var.