"Sözün düzü, Nüşirəvan Məhərrəmlinin müsahibəsi məni təəccübləndirdi. Doğrusu mənim üçün də çox maraqlıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Kino və Serialların inkişafı üçün ayırdığı vəsaitlər hara və hansı məbləğlərdə xərclənib... Elə bütün hay-küy də bizim bu sualla müraciətimizdən sonra başladı. İş orasındadır ki, Prezidentin 4 Aprel 2013 il sərəncamı ilə dövlət büdcəsindən 6 mln. manat vəsait ayrılıb və Nuşirəvan Məhərrəmlinin dediyinə görə “hər bir özəl televiziya kanalına 1 milyon manat vəsait ayrılmışdı…”, lakin ANS yalniz 320 min manat alıb. Ups... Hörmətli Nuşirəvan müəllim, bəlkə Sizə yanlış məlumat verirlər? Hər halda biz ANS olaraq həmin məbləğə “Fatma” Serialının 32 seriyasını çəkmişik və çəkilişlərə də davam edirik.
Ümumiyyətlə bu cür qərəzli, təhqiramiz və heç bir faktlara əsaslanmayan müsahibələri Nuşirəvan müəllim son vaxtlar tez-tez verir. Mən bir ağsaqqal kimi, deməliyəm ki, Moskva Dövlət Universitetinin məzunu, Dövlət məmuru ifadələrində daha etik və məsuliyyətli olmalıdır. ANS-ə qarşı bu cür ifadələrə və əsassız qərarlara görə biz hətta MTRŞ-nı məhkəməyə vermişik və yeri gəlmişkən udmuşuq.
Anlamıram bu tələsik və yoxlanılmayan müsahibə nəyə lazım idi? Axı son nəticədə siz məsuliyyət daşıyacaqsınız. Müsahibənizin əvvəlində deyirsiniz ki, "ANS televiziya kanalı həmin vəsaitlərin xərclənməsi məsələsində bir sıra ciddi nöqsanlara yol verib”, dərhal sonra bildirirsiz ki, “Yəni ANS televiziyası sənədlərin hazırlanmasında nöqsanlara yol verib”? Oxucular anlaya bilmir “vəsaitlərin xərclənilməsi məsələsində” yoxsa “sənədlərin hazırlanmasında nöqsanlara yol verib”? Bu iki ifadə arasında çox böyük fərq var… Ya deyirsiniz ki “ANS televiziya kanalı həmin vəsaitlərin xərclənməsi məsələsində bir sıra ciddi nöqsanlara yol verib”, sonra deyirsiniz ki, “pul mənimsənilməsi faktını biz müəyyən edə bilmərik.” Sonda isə ciddi qanunvericilik əsasında fəaliyyətini qurmalı olan məmur deyir ki "Bizim bu məsələ ilə bağlı şübhələrimiz olduğu üçün ANS telekanalına pul yardımını dayandırdıq.” Şübhələr??? Şübhələr əsasında Mötəbər Dövlət Qurumunun Qərarı??? Ölmədim bu günü də gördüm.
O ki qaldı bizim fəaliyyətimizdə “mənimsəmə faktları” ifadəsini işlətməklə Şirkətimizin işgüzar nüfuzunu zərbə altına qoyduğunuza, bax buna görə mütləq cavab verməli olacaqsınız.
Aşağıda isə oxucularımıza hörmət əlaməti olaraq bir neçə vacib və məsələyə aydınlıq gətirə biləcək sənədləri açıqlayırıq. Bu bir daha sübüt edir ki, ANS həmişə olduğu kimi şəffafdır və Azərbaycanın Müstəqillik tarixi və güzgüsü olan ANS-ə ləkə yapışmaz.
Son xəbərlər
Son Xəbərlər