Laçının işğal ildönümündə telekanallardan birində qəhrəmanlığa aid cizgi filmləri nümayiş etdirildi. Nizami Gəncəvinin “Xeyir və Şər”inin ardınca “Kitabi Dədə Qorqud” dastanından götürülmüş “Əkrək və Səkrəyin nağılı” göstərildi. Evdə iki uşaqla cizgi filmlərini seyr edirdik. Xeyirin gözlərinin çıxarılması səhnəsinin uşaqlarda yaratdığı gərginlik hələ keçməmiş Əkrək və Səkrəyin düşmən ordusu ilə döyüşü səhnəsində qılıncla qarpız kimi ikiyə bölünən baş və axan qanın təsvirindən dəhşətə gəldilər. Uşaqlardan biri bir cizgi filminin necə yaranması, bir film üçün neçə şəkil çəkilməsi ilə bağlı suallar yağdırmağa başladı. Başa düşdü ki, Şərin gözünü bu cür çıxaran da, o düşmənin başını paralayan da rəssamlardır. Sonra hər ikisi televizorun qarşısından çəkilib Youtube-da “Caillou”ya baxmaq istədilər. Sakitcə, səsləri çıxmadan, maraq və təbəssümlə “Caillou”ya baxaraq stress atdılar...
Artıq bilmirəm, neçənci dəfədir ki, uşaqlar üçün uydurulmuş, lentə alınmış nağıllarımızın qorxulu tərəfləri ilə rastlaşır və hər dəfə də bunu yazıya köçürürəm. Xeyri olmayacağını bilə-bilə yenə də yazıram. Divli, Təpəgözlü, Şərli nağıllarımızın vurduğu psixoloji zədəyə Cırtdanın, Məlikməmmədin, Xeyirin xeyirxahlığıməlhəm ola bilmir. Uşaqların ağappaq, tərtəmiz yaddaşında o vəhşiliklər dərin iz buraxır.
Uşaq olanda nənəm mənə “Yeddi qardaş və Div” nağılını danışmışdı: Div gəlir qardaşları yeməyə. Yeddi qardaşın bir bacısı qapını Divə açmır. Əvəzində Div ondan barmağını qapının deşiyindən bayıra çıxarmasını istəyir. Qız barmağını çıxarır, Div başlayır qızın barmağının qanını sormağa. Qızın ürəyi gedir...
Orta məktəbdə oxuyanda barmağımdan qan analizi verərkən bu nağılı xatırlamış və el dilində desək,ürəyim getmişdi...
Belə lazımsız, qəddarlığı, vəhşiliyi ifadə edən nağılları bu günə kimi gətirib çıxarmağımız azmış kimi hələ bir onların görüntülü təsvirini də yaradırıq.
Azərbaycan Dövlət Universitetinin ibtidai təhsilin metodikası fakültəsini bitirmişəm. Yaxşı bilirəm ki, uşaqları tərbiyə etmək, onlarda ailəyə, ətrafındakı insanlara, doğuldğu, böyüdüyü torpağa, vətəninə sevgi aşılamaq necə olur. Bu iyrənc, qorxulu, dəhşət yağan nağıllar və cizgi filmləri onların psixologiyasını korlamaqdan, cəmiyyətə, insanlara nifrət aşılamaqdan başqa heç nəyə yaramır.
Uşaqlarda insanlara, vətənə, təbiətə və s. mərhəmət, məhəbbət aşılamaq üçün qəddarlığın nümayişindən çəkinmək lazımdır. Bu, geniş mözudur. Valideynlər, müəllimlər, uşaq yazıçıları, rəssamlar, ən başlıcası, Təhsil Nazirliyi bu haqda düşünsə, yetər...
Son xəbərlər
Son Xəbərlər