Uşaqlar əldən gedir. Şəhid olan yekə oğlanlar da nəticədə ana, atasının uşağıdı. Allah uşaqlarımıza rəhmət eləsin! Bir neçə gecə adam özünü həmin şəhid anaları yerinə qoyanda yuxusu ərşə çəkilir. Ardınca bir başqa uşaqların faciəsinə yenə kədərlənməyə bilmirsən. Bir ailənin dənizdə batan üç uşağı, o birisinin iki uşağı, balkondan düşən balalar, əclaf sürücünün güdazına gedən körpələr, intihar edən azyaşlılar.... Uşaqlarımızı hərdən o qədər sevmirik ki, başlarına da bir iş gələndə özümüzdə günah axtarmırıq. Uşağımız onda şirinləşir, amma iş-işdən keçmiş olur. Allah heç kimə bala dağı çəkdirməsin!
Heç vaxt “uşaq istəmirəm”, “uşaqları sevmirəm” deyən, ancaq oğlan uşağını istəyən adamları başa düşməmişəm. Bir xanım vardı, uşaqları dünyaya gəlməmiş ana bətnində ölürdü. Özü də həmin xanımın bir sözü vardı. “Qız uşağı istəmirəm”. Vaxtiylə anasının qızı kimi dünyaya gələn bu xanımın hər hansı ciddi sağlamlıq problemi də yox idi. Sadəcə övladını qucağına ala bilmirdi və deyəsən, Allah onun tutduğu niyyətə görə də uşaq vermirdi. Uşağı olub, amma övladına tüpürənlərdən isə heç danışmıram. Onlar insandan deyil.
Uşaqlar dünyanın hər yerində uşaqdır. Gücsüzdür, qanmazdır. Amma sevgi, məhəbbət dilənçisidirlər. Bu gün Fələstində cəsədi üst-üstə yığılan körpələr də uşaqdır, ABŞ-ın firavan küçələrində oynayanlar da uşaqdır. Əclaf, qaniçən atası olan da uşaqdır, vicdanlı, namuslu atası olan da uşaqdır. Və bu uşaqların hamısı dolu, boş mədəsi, bahalı, ucuz geyimi ilə yenə də uşaqdırlar. Uşağa zülm etmək, onu öldürmək isə hər ikiayaqlının işi deyil. Bu iyrənc iş üçün elə bir yırtıcıya çevrilməlisən ki..
O gün “Əhmədli” metrostansiyasının yaxınlığında qaraçı uşaqları ayaqyalın ora-bura qaçırdı. Harada, necə doğulduğundan xəbərsiz, heç sənədi, qeydiyyatı olmayan bu uşaqlar da uşaqdı. Tək fərqi odur ki, adları qaraçıdı. Bir az görkəmi xoş olan adam tərəfə qaçıb pul dilənirdilər. Kimi onların yalvarışını vecinə almır, kimi məzələnir, kimi əlinə keçən qəpiyi uzadır ki, təki əl çəksinlər. Adamı bezdirirlər, saqqız kimi yapışırlar. Çünki öyrəndikləri, tərbiyələri bundan ibarətdir. Axı uşaqdırlar.
Qaraçı uşaqlardan biri uzaqdan gələn ortayaşlı kişiyə “yapışır” . Kişi də yamanca qaşqabaqlıdı. Norması bu idi. Üst-başından kobudluq yağırdı. Bayaqdan dayanacaqda dayanıb müşahidə etdiyim qaraçı uşağın aqubətini gözləyirdim. Kişi uşağın üstünə saymazyana yeridikcə balaca qaraçı bir az da tərsə düşürdü. Nəticədə gözlədiyim oldu. Kişi uşağı necə itələdisə uşaq yıxıldı. Arxasınca tüpürüb, “səni əkib doğan..” söyüşü silsiləsindən bir neçə qarğış da etdi. Məni kimisi dilxor olmağımızda, qaraçı uşağın heç vecinə də olmadı. Yerdən qalxıb “iş”inə davam etdi. Ona ağlamamağı, ağrımamağı, sərtliyi də öyrədiblər. Nə yaxşı ki, bunu öyrədiblər.
Bir vaxtlar uşaq ən toxunulmaz status idi, indi isə uşaqlar ən yaxşı halda dərdlərimiz, sıxıntılarımız içində əzilirlər. Heç uşaqlaşa da bilmirik. O qədər sürətlə yaşlanırıq ki...Uşaq olmaq qəbahətdi. Elə bil çoxunun yerini dar edirlər.
Soruşsalar ki, yenə uşaq olmaq istəyərdin? İndiki zamanda, əsla.
Son xəbərlər
Son Xəbərlər