Uşağı şəxsiyyət kimi yetişdirə bilirikmi? - Sosioloqdan açıqlama

usagi-sexsiyyet-kimi-yetisdire-bilirikmi
Oxunma sayı: 3683

Bu gün hər bir valideyn övladı üçün əlindən gələni etməyə çalışır. Bir çox ata-analar uşağa istədiyini alır, onun əylənməsi, asudə vaxtının daha səmərəli keçməsinə can atır. Psixoloqların fikrincə, bu cür tərbiyə uşaqları ərköyünləşdirir. Bəs sosioloqlar nə deyir?

“Qafqazinfo”nun suallarına cavab verən Rüfət İsmayılzadənin məsələyə münasibəti birmənalı deyil:

“Uşaq evin yaraşığıdır. Bu, öz yerində. Amma uşaqları həddən artıq ərköyün böyütmək, onun kaprizlərini yerinə yetirmək artıq valideynlərin səhvidir. Düzgün qoyulmayan bünövrə sonradan böyük uçqunlar yarada bilər. Biz uşaqlarımızın şəxsiyyət kimi yetişməsinə çalışmalıyıq. Təkcə ailədə deyil, elə məktəb daxilində də uşaqlarımızın təlim-tərbiyəsi ilə sistemli məşğul olmuruq və nəticədə onlar küçənin ümidinə qalırlar. Bu gün hər şeyi valideynlərdən gözləmək də düzgün deyil, Çünki bu valideynlər son 30 ildə formalaşıblar. Son 30 ildə isə ölkədə bir çox proseslər baş verib. Hətta düşünürəm ki, bəzi məqamlarda bizim valideynlərin özlərinin belə maariflənməsinə böyük ehtiyacları var. Ona görə bu gün məktəb-valideyn münasibətləri sıx qurulmalıdır. Fənlərə marağı olmayan şagird peşəyə, idmana yönəldilməlidir. Nə qədər ki, valideynlərdə “mənim uşağıma heç bir müəllim bir kəlmə də deyə bilməz” fikri var, biz sağlam gənc nəsil yetişdirə bilmərik. Biz valideynləri maarifləndirməsək, təhsildə uğura nail olmaqda çətinlik çəkəcəyik”.