“Uşağımı imtahanda kəsib, hansısa marağa görə başqasını keçiriblər”

usagimi-imtahanda-kesib-hansisa-maraga-gore-basqasini-keciribler
Oxunma sayı: 2907

“Övladım məktəbə qəbul üçün təşkil olunan müsabiqədən keçsə də, bizə deyirlər ki, qəbul olmayıb. Hansısa marağa görə keçən uşaqlar var. O uşaqları kəsiblər ki, onlar hazırlıq qrupunun ən savadlı və aktiv şagirdləri olub”.

Bu şikayətlə “Qafqazinfo”ya Ağıstafa rayon sakini Samirə Bayramova müraciət edib.

Vətəndaş iddia edir ki, məktəbəqəbulda özbaşınalıqlar baş verir: “Mənim övladım ötən ayın 31-də Rus dili bölməsi üçün imtahan verib. Rayonda təşkil olunan komissiya üzvləri tərəfindən müsbət rəy verilib ki, “sizin övladınız keçib”. Buna baxmayaraq, 3 gün sonra bizə “SMS” vasitəsilə bildirildi ki, uşaq müsabiqədən keçməyib. Biz araşdıranda məlum oldu ki, qəbulla bağlı regional qurumlar təşkil olunub və rayonumuza da Şəmkir regional qurumu baxır. Oranında müdiri Arslan Hacıyevdir. Biz ora da müraciət etdik. Dedilər ki, apellyasiya olmalıdır. Lakin ona da düzgün baxılmadı. Sözlərindən belə çıxdı ki, bu onlara maraqlı deyil. İmtahanın videoçəkilişi də var. Həmin görüntülərdən də bəlli olur ki, mənim övladım cavab verib”. 

Valideyn bildirir ki, qəbul etdikləri uşaqlar hansısa marağa görə keçənlərdir: “O uşaqları kəsiblər ki, onlar hazırlıq qrupunun ən savadlı və aktiv şagirdləri olub. Biz valideynlərlə yığılıb bir neçə dəfə müraciət də etmişik. Hansısa marağa görə keçən uşaqlar var. Bakı şəhər sakini olduğu halda gəlib rayonda müsabiqədə iştirak edib, keçiblər. Təhsil şöbəsinin əməkdaşı mənə deyir ki, “onlar bu ölkənin vətəndaşıdır, harada istəsələr qeydiyyatdan keçib imtahanda iştirak edə bilərlər”. Savadlı uşaqdırsa elə Bakıda da istədiyi komissiyada iştirak edib keçə bilər. Mənim uşağım isə yaşadığı yerdə, istədiyi dildə təhsil ala bilmir. Bu qərarları kim verir? Arslan bəy verir? Bizə deyir ki, “gedin kimə istəyirsiniz şikayət edin”. Bilmirik hara şikayət edək. Nazirin qəbuluna düşmək mümkün deyil. Saxtakarlığa yol verirlər. Nazirliyə şikayətlə müraciət edirəm yenidən bura yönləndirilər ki, Arslan bəy cavablandıracaq”. 

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliqızı “Qafqazinfo”ya bildirdi ki, Samirə Bayramovanın övladı imtahandan keçməyib: “Bayramova Samirənin övladı iyul ayının 31-də rus bölməsi üçün imtahanda iştirak edib. İmtahan prosesi videolentə köçürülüb. İmtahanda uğur qazana bilməyib. Valideyn apellyasiya şikayəti edib və təkrar Təhsil Nazirliyi tərəfindən məsələyə baxılıb. Yenidən uğur qazana bilməyib. Bundan əlavə Samirə Bayramova Qazax-Tovuz Regional Təhsil İdarəsinə dəfələrlə müraciət edib və bütün müraciətləri cavablandırılıb. Samirə Babayeva öz övladına və imtahanda uğur qazanan 20 şagirdə təkrar imtahan keçirilməsini tələb edir. Təəssüflər olsun ki, bizim təkrar imtahan keçirmək səlahiyyətimiz yoxdur. Bu prosesin ildə bir dəfə Təhsil Nazirliyinin qərarı ilə həyata keçirilir”.

Valideynin digər iddialarına cavab olaraq qurumdan deyilib ki, imtahan götürüləcək şagirdlərin adları Təhsil Nazirliyindən göndərilir və tarix deyilir: “Rus bölməsi imtahanla olduğu üçün valideynlər əvvəlcə nazirliyə müraciət edir. Nazirlik də aidiyyətı üzrə rayonlara göndərir. Yəni biz vətəndaşın harada yaşadığını bilmirik. Əgər vətəndaş yerini dəyişirsə ( işlə bağlı, hərbçi, polis  və s. ) normal olaraq övladı üçün ən yaxın təhsil müəssəsinə müraciət edir. Bu proseslərin hər biri nazirlik tərəfindən idarə olunur”.

Lamiyə Məmmədova