"Yaxşı oyun oldu. Bu oyun "Qəbələ" - "Qarabağ" oyunundan heç də geri qalmırdı". "Qafqazinfo" xəbər verir ki, bu sözlər "Kəpəz"in baş məşqçisi Şahin Diniyevə məxsusdur.
"Kəpəz" Azərbaycan Premyer Liqasının XX turunda öz meydanın "Qəbələ" ilə heç-heçə edib. Matçdan sonra keçirilən mətbuat konfransında təcrübəli mütəxəssis fikirlərini bildirib. Şahin Diniyev komandasının oyununda irəliləyiş olduğunu vurğulayıb: "Artıq komandamız əvvəlki günlərini qaytarmaq üzrədir. Bir müddət komandamızın oyununda eniş olsa da, son iki oyunda futbolçularım özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar. Oyuna və qazanılan nəticəyə görə onlara təşəkkür edirəm".
Oyunun 38-ci dəqiqəsində Gəncə klubunun futbolçusu Nicat Qurbanov rəqib komandanın oyunçusu Nika Kvekveskirini sillə ilə vurub və qırmızı vərəqə ilə cəzalanıb. Şahin Diniyev həmin epizod haqda bunları deyib: "Nicat Qurbanova fasilə ərəfəsində yaxınlaşdım. Uşaq kimi ağlayırdı. Əlbəttə, böyük səhv edib. Ancaq bir səhvə görə futbolçunu siyahıdan silmək olmaz. Onunla söhbətimiz olacaq".
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk da oyundan razı qaldığını deyib: "İstənilən halda qalib gəlməli olduğumuzu başa düşürəm. Ancaq belə meydançalarda futbol oynamaq mümkün deyil. Belə qazonda topla hərəkət etmək, sürətli hücumlar qurmaq olmur, topu ancaq irəli vurmalı olursan. Qalib gəlməməyimizə obyektiv səbəblər mane oldu".
Qriqorçuk Nika Kvekveskiri ilə "Kəpəz"in futbolçusu Nicat Qurbanov arasında baş verən qalmaqaldan da danışıb: "Mən Nikadan epziodun necə baş verməsini soruşdum. O da mənə dedi ki, futbolçunun təxribatına uymadım, sakit şəkildə reaksiya verdim. Ancaq Nicat məni nəyəsə görə vurdu".
Mütəxəssis Azərbaycandakı stadionların durumundan narazı olduğunu dilə gətirib: "Təkcə Gəncədə deyil, AZAL-ın və "İnter"in stadionunda da futbol oynamaq çətindir".
Son xəbərlər
Son Xəbərlər