““Uşaq pulu”nu bərpa etmək mümkündür” - Video

usaq-pulunu-berpa-etmek-mumkundur
Oxunma sayı: 1900

Ötən ildən bəri ailələrə dövlət vasitəsilə uşaq pulunun ödənilməsi məsələsi gündəmdədir. "Qafqazinfo"nun məlumatına görə, parlament seçkilərində iştirak edəcək əksər namizədlərin də platformasına məhz "uşaq pulu" məsələsini daxil edib. 

Həmin namizədlərdən biri - 19 saylı Nərimanov rayon seçki dairəsindən namizədliyini irəli sürən Kənan Məmmədovla bu məsələni müzakirə etdik. 

Gənc namizəd Kənan Məmmədov bildirir ki, "uşaq pulları"nın verilməsinə 2006-cı ildən dayandırılıb və onun apardığı sorğular nəticəsində məlum olub ki, bu 14 ildə böyüyən uşaqların gündəlik ehtiyaclarını ödəməkdə valideynlərinin gəlirlərinin kifayət etməməsi halları artıb: 

"Müəyyən mənada anlamaq olar ki, qeyd-şərtsiz 0-18 yaş aralığındakı bütün uşaqlara uşaq pulu ayrılması milyardlarla manata başa gələcək və hazırda dövlət büdcəsinə belə bir yük əlavə etmək olmur. Mən platformama bu məsələni daxil etməzdən əvvəl araşdırma apardım və məlum oldu ki, müəyyən mexanizmləri tətbiq etməklə "uşaq pulu" almalı olanların meyarlarını müəyyənləşdirmək və "uşaq pulu"nu bərpa etmək mümkündür”.

Kənan bəydən həmin mexanizmi necə gördüyünü də soruşduq. O, bildirdi ki, burada ilk növbədə ailə gəlirləri və uşaqların sayı nəzərə alınmalıdır: 

“Dünya təcrübəsində "uşaq pulları"nın verilməsi bir neçə mexanizmlə tənzimlənir. Məsələn, elə ölkələr var ki, orada uşaqların sayı artdıqca "uşaq pulu"nun miqdarı artır və ya azalır. Bu demoqrafik göstəricilərə əsasən tənzimlənir. Digər bir təcrübəyə görə isə uşaq sayından asılı olmadan, ailənin gəlirləri nəzərə alınaraq "uşaq pulu" müəyyən edilir. Başqa bir nümunədə görürük ki, uşaqların yaşı qruplaşdırılır və məsələn, 3 yaş qurupuna görə 3 fərqli miqdarda ödəniş ayrılır. 

Mən təklif edirəm ki, yeni qurulmuş ailələrə, övladını tək böyüdən valideynlərə, eyni zamanda ailə gəliri aşağı olan qruplara uşaq pulunun verilməsinə ilkin mərhələdə başlamaq olar. Təklifimə əsasən övladının ehtiyaclarını ödəmə imkanına malik valideynlər bu siyahıya əlavə edilməməlidir. Aztəminatlı ailələri "uşaq pulu" ilə təmin etməklə, əhalinin sosial rifahını yaxşılaşdıracaq, sağlam və özünəinamlı gələcək nəsil formalaşdırmağa nail olacağıq”. 

Kənan bəy əlavə edir ki, bəzi şəxslər aztəminatlı ailələrin ünvanlı sosial yardım aldığını və eyni zamanda bununla həmin ailələrin övladlarının da təminatının həyata keçirildiyini düşünür, lakin o, bununla razı deyil: 

“Nəzərə almaq lazımdır ki, ünvanlı yardım əhalinin az qisminə şamil edilir. Burada valideynlərin işsiz olması və ya iş qabiliyyətini itirməsi nəzərə alınır. Lakin, əksər ailələrdə ən azından valideynlərdən biri işləsə də onların aylıq məvacibi uşaqların ehtiyalarını ödəməyə kifayət etmir. Gündəlik məişət qayğıları ilə yanaşı, uşaqların ən azından normal qidalana bilməsi üçün dövlətin həmin ailələrə ən azından 70-100 manat arasında uşaq pulunun ayrılması arzu olunandır. Bu təklifim bugünkü Azərbaycan cəmiyyətinin birbaşa ehtiyacıdır”. 

Qeyd edək ki, Kənan Məmmədov platformasına bu məsələ ilə yanaşı müəllim və həkimlər üçün pensiya yaşının endirilməsi, orta yaşdan yuxarı insanların məşğulluğunun artırılması, dövlət ali təhsil ocaqlarında təhsil haqqının əlçatan olması kimi məsələləri də daxil edib.