Uşaqlarımız türk dilində danışır

usaqlarimiz-turk-dilinde-danisir
Oxunma sayı: 1524


Novruz bayramı günlərində qohumlarla hal-əhval tutmaq imkanı oldu. Bu bayramın həm də özəlliyi orasındadır ki, iş-gücdən başı açılmayan adamlar tətil günlərində mərhumlarının qəbrini ziyarət edir, bir-birini yoluxurlar. 

Belə günlərdən birində qohumların məktəbdə təhsil alan uşaqlarını görmək, təhsilləri ilə maraqlanmaq imkanı da olur. Məhz bu tətil günlərində nəzərimi bir məsələ cəlb etdi. 

Əksər qohumların uşaqları ekran qarşısında əyləşib əsasən Türkiyə telekanallarının hazırladığı uşaq verilişlərinə tamaşa edirdilər. Özü də o verilişləri elə maraqla izləyirdilər ki, hətta böyüklərin bayram proqramlarına baxmasına imkan vermir, bunun qarşısını hay-küylə alırdılar. Böyüklər də xətirlərinə dəyməyib öz istəklərindən vaz keçirdilər. Bu işin bir tərəfidir. Digər maraqlı məqam isə ondan ibarət idi ki, uşaqlar türk dilində danışırdılar. Türk dilində danışmaq qəbahət deyil. Ancaq məsələ burasındadır ki, uşaqlar ata-analarına türk dilində cavab verir, qonaqları türkcə qarşılayırlar. Hətta, bu yerdə valideynlərin qızardığını da hiss etdim. Valideynlərdən biri umu-küsü etdi ki, “türk kanallarında uşaq verilişlərini necə hazırlayırlarsa, uşaqlar televizorun qarşısından çəkilmirlər”. Bununla da, bizim uşaqlar nəinki türk dilində danışır, hətta qonşu dövlətin adət-ənənələrini, mədəniyyətlərini də mənimsəyirlər. Ortaya digər çətinlik də çıxır. Uşaqlar birinci sinifə gedərkən müəllimlər bununla bağlı valideynlərə şikayətlər edirlər. Uşağın özü də dərsləri doğma dildə mənimsəməyə, sinif yoldaşları ilə ünsiyyət qurmağa çətinlik çəkirlər. Bəzən kənardan lağlağı obyektinə çevrilmələri, hələ erkən yaşlarından onlarda kompleks hissi yaradır. Belə hisslər isə bəzən ömür yolunda onları tərk etmir, uğurlar qazanmasına kölgə salır, uşaq daxilindəki istedadını üzə çıxara bilmir.    

Azərbaycan teleməkanında uşaq verilişləri çox azdır. Halbuki Sovet illərində mövcud olan bir telekanalda Uşaq Verilişləri Redaksiyası fəaliyyət göstərirdi. Həmin redaksiyanın əməkdaşlarının hazırladığı “Əlifba teatrı” verilişini yaşlı və orta nəslin nümayəndələri yaxşı xatırlayırlar. Ümumiyyətlə, uşaqlara dair onlarla veriliş hazırlayan əməkdaşlar get-gedə psixoloqa çevrilmişdilər. Çünki uşaqlarla işləmək çox çətin olduğuna görə onların hansı tipdə veriliş hazırlanmasını özlərindən savayı heç kim bilməz. 

İllər keçdi, telekanallar da artdı, insafən, uşaq verilişlərinin də sayı artdı. Müstəqilliyin ilk çağlarında xeyli verilişlər efirə getsə də, son 2-3 ildə belə proqramların sayı get-gedə məhdudlaşdı. Televiziya rəhbərləri məsələni sponsorların belə verilişlərə pul ayırmaması ilə izah etdilər. Nəticədə, belə verilişlərdə böyüklər göründü. Hansısa yaradıcı şəxs verilişə gəlir, uşaqlar ona sual ünvanlayırlar. Yaxud, uşaqlar valideynlərinin evdə nə etməsini xalqın qarşısında danışırlar. Bir tərəfdən sponsorları da bu məsələdə qınamalı deyil. Çünki sponsor reytinqi yaxşı olan verilişlərə üstünlük verir. Amma digər tərəfdən sponsorun özündə də günah var. Ölkəsini sevən sahibkar belə verilişlərə də pul ayırmalıdır. 

Bəzi Avropa ölkələrində isə uşaqlara dair ayrıca kanallar fəaliyyət göstərir. Elə qonşu Türkiyədə belə kanalların sayı çoxdur. Azərbaycanda ya uşaq kanalı yaradılmalı, ya da onlara dair verilişlərin sayı artırılmalıdır. Həmin verilişlərdə soykökümüzdən tutmuş, ədəbiyyata, insəcənətə, hətta müasir texnologiyalara həsr edilən süjetlər nümayiş etdirilməlidir. 

İnsanın gələcəkdə tutacağı mövqe, yaxud inkişafı əsasən bağça və məktəbdən başlanır. Bəzi hallarda bağça və məktəblərdə şəxsiyyətin formalaşması az rol oynasa da, televiziyanın böyük qüvvə olmasını isə heç kim inkar edə bilməz. Amma təəssüf ki, uşaqların formalaşmasında televiziyaların rolu azalıb. Uşaq verilişləri sanki sonuncu dərəcəli məsələyə çevrilib.