Üstümə bıçaq çəkən dost

ustume-bicaq-ceken-dost
Oxunma sayı: 1133


İnsanın yaşadığı ömürdə başına yüzlərlə hadisələr gəlir və zaman keçdikcə o, bu hadisələrin çoxunu unudur. Amma elə hadisələr var ki, aradan uzun illər keçsə də hec cür unudulmur. Başıma gələn əhvalatların çox az bir qismini yazmışam və nədənsə, bu əhvalatlar çoxlarına inandırıcı görünmür. Heç kəsi inandırmağa cəhd etmirəm, onları başa düşməyə çalışıram, çünki onlar mənim yaşadığım həyatı yaşamayıblar.

Kənddə yaşayanda az qala, hər gün başıma gözlənilməz hadisələr gəlirdi. Məmmədrza adlı bir kişinin kəndin qurtaracağında hasarsız, qapısız bağ yerində qalırdım. Rütubətli daxmada bütün günü siçovulların ciyiltisi adamın canına üşütmə salırdı. Bir gecə evə gələndə yatağımın içində qıvrılmış bir ilan gördüm və dəhşətə gəldim, çölə cumub ilanı zərərsizləşdirmək üçün bel götürüncə sivişib yoxa çıxmışdı. Yadımdadır, soyuq payız gecəsiydi, sübhün gözü açılınca həyətdə siqareti siqaretə caladım və qorxudan içəri keçə bilmədim. İdbar sükutu arada kal-kal hürən itlərin səsi pozurdu və mən bu səslərdən təsəlli tapırdım. Təsəllisini yiyəsiz itlərin hürüşməsində tapan adamı təsəvvür edirsiniz?! Sonralar bu haqda “Boz ilan” hekayəsini yazdım.

İndi danışacağım əhvalat da sizə qəribə görünəcək. Əslində qəribə görünməməlidir, kənd yerində belə hallar tez-tez baş verir. İşsiz vaxtlarım idi, təbiətən darıxan adam olduğum üçün bütün günü kəndin içində gəzib-dolaşır, arada dost-tanışla çayxanada oturub domino, nərd oynayırdım. Belə adamlarla sənətdən, ədəbiyyatdan danışmaq mümkün deyil, onların məhdud maraq dünyası var, onları müşahidə etmək mənə həmişə zövq verir. Onlar vaxtı nəyə, hara, necə xərcləməyi bilmirlər, ömürlərinə məna qatmağı bacarmırlar. Sadəcə, yaşayıb ölməklə məşğuldurlar. Bu adamların zahirən yeknəsəq, boz həyatı ədəbiyyat üçün zəngin material verir. Dəfələrlə bu haqda yazmışam, təkrara varmaq istəmirəm.

Əsgər adında bir dostumuz vardı, bu adam maşın yumağın ustasıydı. Maşın yumaq üçün elə bir bacarıq tələb olunmasa da bütün bahalı maşın sahibləri maşınlarını ona yuduzdururdular. Əsgər kənddə yaxşı “moyşik” kimi ad çıxarmışdı və buna görə də həmişə yaxşı pulu olurdu. Evin tək uşağıydı, atası dünyasını dəyişmişdi, anasıyla birgə qalırdı. Mənə qarşı xüsusi münasibəti vardı, işsiz olduğumu biləndə dedi ki, qardaşın ölməyib, heç nəyin korluğunu çəkmə. Doğrudan da uzun müddət bu adam mənim maddi cəhətdən sıxıntı çəkməyimə imkan vermədi. Etirazlarıma məhəl qoymadan cibimə siqaret alıb qoyurdu, hər gün axşam tanış kafedə oturub yeyib-içirdik və hesabı da özü ödəyirdi. Yüz qramdan sonra deyirdi ki, sən canın, bir sevgi şeiri oxu.

Bir gün gözlənilmədən onunla mübahisəmiz düşdü. Onun münasibətdə olduğu qadın vardı və mən o qadını tanıyırdım. Bir-iki dəfə o qadın haqqında xoşagəlməz söhbətlər eşitmişdim və ehtiyatla Əsgərə ondan uzaq olmağı məsləhət görmüşdüm. Görürdüm ki, həmin qadın Əsgəri də yaxşı olmayan yollara çəkir. Yenə söhbət həmin qadından düşdü və məlum oldu ki, qadın Əsgəri atıb və başqa bir kişi ilə yaxınlıq edir. O, uşaq kimi ağlamağa başladı və mən əsəbiləşdim. Sən bu fahişədən niyə əl çəkmirsən, dedim. Əsgərlə bərk mübahisəmiz düşdü və o, qəfildən “səni vuraram!” dedi. Bir fahişəyə görə məni vuracaqsan? – dedim. Gözü qızmışdı və o, əlini stolun üstündəki bıçağa atdı. Kafenin sahibi səs-küyə gəlib çıxmasaydı, bəlkə də məni vuracaqdı.

Məni Əsgərin hərəkətindən çox kafe sahibinin haqsızlığı yandırıb-tökdü. Üstümə bıçaq çəkən adamı qoyub mənim üstümə bozardı: - Bura dava salmağa gəlmisən? Cəhənnəm ol burdan, bir də bu kafeyə gəlmə!

Tüpürcəyimi bu əclafın üzü üçün hayıf bildim və kafedən çıxdım.

O kafeni işlədən adam ötən il maşın qəzasında dünyasını dəyişdi. Xəbəri eşidəndə çox pis oldum, neçə gün özümə gələ bilmədim. Cavan idi, balaları yetim qaldı...

Yeni il qabağı kəndə getmişdim, tanış uşaqlardan Əsgəri soruşdum. Dedilər Əsgəri tutublar, neçə vaxtdır içəridədir. Səbəbini soruşmadım...