Onlar dörd nəfər idi. Öz aralarında yüksək səslə danışdıqları üçün avtobusdakı sərnişinlərin hamısı bu uşaqlara diqqət kəsilmişdi. Doğma Qarabağ ləhcəsində qızğın müzakirə gedirdi...
Sinif yoldaşlarından nisbətən hündür olan çəlimsiz oğlan özü haqda danışırdı: “Atam Xocalıdan, anam Ağdamdandır. Xocalı işğal olunanda atam ikinci sinfə gedirmiş. Buna görə də yadında çox az şey qalıb. Babamla nənəmi isə ermənilər öldürüblər”.
Uşaqların üçü də bir ağızdan dilləndi: “Allah rəhmət eləsin!”
Xocalıdan olan çəlimsiz oğlan böyüklərə xas əda ilə cavab verdi: “Allah sizin də ölənlərinizə rəhmət eləsin!”
Uşaqlar öz aralarında işğal tarixlərini müzakirə edirdilər. Sinif yoldaşlarının “Səbuhi” deyə çağırdıqları oğlan həyəcanla danışırdı: “Bizim rayonumuz işğal ediləndə əmilərimin ikisi də şəhid olub. Atam deyir ki, nənəm bu dərdə dözmədiyi üçün bir ay sonra dünyasını dəyişdi”.
Araya dərin sükut çökdü. Bir müddət sonra sükutu Səbuhi özü pozdu: “Gələn ay rayonumuzun ermənilər tərəfindən işğalının 20 ili tamam olacaq”.
Atası Xocalıdan, anası Ağdamdan olan çəlimsiz oğlan yerindən dik atıldı: “Qaqa, sən düz demirsən. Bu il Laçının işğalının 23 ili tamam olacaq. Ermənilər Laçını bizimkilərdən 1992-ci ildə alıblar”.
Səbuhi pərt olsa da, bunu gizlətməyə çalışdı: “Bəs sən bilirsən, ermənilər Cəbrayılı nə vaxt işğal ediblər?”
Xocalıdan olan uşaq onun sözünü ağzında qoydu: “Ermənilər Cəbrayılı 1992-ci il avqust ayının 23-də alıblar”.
Səbuhi qalib adamlar kimi qürrələndi: “Tapa bilmədin. Ermənilər Cəbrayılı 1993-cü ildə işğal ediblər”.
Sonra uşaqlar işğal olunmuş rayonlarımız haqda bir-birilərinə çoxlu suallar verdilər. Onlar Qubadlı və Ağdamın işğal tarixlərini səhv salsalar da, sualların əksəriyyətini doğru cavablandıra bildilər. Uşaqların çətinə düşdüyünü görən yaşlı sərnişinlərdən biri dözməyib, dedi: “A bala, sizdə günah yoxdur. İşğal tarixi bir olar, iki olar, üç olar... Gərək biz o torpaqları ermənilərə verməyəydik”.
Suraxanı rayonundakı 316 saylı tam orta məktəbin qarşısında uşaqlar avtobusdan endilər və bununla da mübahisəyə son qoyuldu.
Bilirsiniz, sonra nə baş verdi? Sabunçu rayonundakı “Şuşa” qəsəbəsindən şəhərə işləyən avtobus metronun “Koroğlu” stansiyasına çatana kimi utandığımdan başımı qaldırıb heç kimin üzünə baxa bilmədim. Altı-yeddi yaşlı övladlarını çoxsaylı işğal tarixləri arasında əsir-yesir qoyan bir millətin ziyalısının başını qaldırıb, camaatın gözünün içinə dik baxmağa haqqı yoxdur...
Son xəbərlər
Son Xəbərlər