Bayram günlərində bir-birinə bənzər üç xəbər oxudum. Birinci xəbər Qarabağda yaşayan ermənilərdən gəldi. Rusların Krıma müdaxiləsindən ilhamlanan ermənilər mitinq keçirdilər ki, bəs biz də Rusiyanın tərkibinə qatılmaq istəyirik.
Qan vurdu beynimizə, sosial şəbəkələrdə yazdıq ki, nə danışırsız, elə də şey olarmı? Torpaq bizimdi, siz kimsiz belə qərarlar verirsiz? Qəflətən yadımıza düşdü ki, adı bizim olan o torpaqlara 20 ildən artıqdır ayaq basa bilmirik. Gündən-günə də ümidimiz suya düşür. Beynəlxalq təşkilatların biri gedir, o biri gəlir, dünyanın elə bir şəhəri yoxdu ki, beşulduzlu otelində qalıb, bahalı restoranında oturub Qarabağ problemlərindən danışılmasın, düyün çözülmür ki, çözülmür. Heç bir qarış da torpağı geri ala bilmirik. Ona görə də düşündük ki, ta bu məsələni açıb-ağartmayaq, özümüzü bilməməzliyə vuraq, gedib şəkərburadan, paxlavadan yeyək, susaq.
İkinci xəbər Qusar rayon sakini Səmayə Bədəlova ilə bağlı idi. Qadın Qarabağ müharibəsinin döyüşçüsüdür, veterandır. “Zərif cinsin nümayəndəsiyəm” deyib yaxasını geri çəkməyib, digər qadınlar adi göy gurultusundan yorğanın altında gizləndiyi halda, o, əsgər paltarı geyinərək, səngərə atılıb. İndi bu xanım yaşam mücadiləsi aparır, yerimə imkanı məhdudlaşıb. Bir kimsə - nə hökumət, nə də üzv olduğu təşkilatlar onun taleyi ilə maraqlanmır.
Amma adından yararlanan Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) ölkə prezidentinə müraciət ünvanlayıb ki, bəs keçmiş döyüşçü İbad Hüseynova Milli Qəhrəman adı verin.
Üçüncü və ən əhəmiyyətsiz xəbər də budur. Təsəvvür edin, müraciətin müəllifi AVMVB sədri Füzüli Rzaquliyev 64 min müharibə veteranının adından danışaraq deyir ki, İbad Hüseynov terrorçu Melkonyanı öldürdüyü üçün mütləq qəhrəman olmalıdır. Füzuli müəllimin yazdığına görə, İbad Hüseynov özü onlardan belə bir addım atmağı xahiş edib. Deyib ki, bəs yığışın, mənim layiq olduğum adı alıb verin.
Əslində “bir addır də, biri də buna verilsin” deyib keçmək də olardı. Amma düşünəndə ki, bu ad paylanan digər adlardan deyil, o zaman susmaq da olmur.
Bəli, İbad Hüseynov torpaqlarımızın azadlığı uğrunda vuruşmuş igidlərimizdən biridir. Ancaq bunun müqabilində digər döyüş dostlarından fərqli də münasibət görür. Biznesi, marşrut xətləri və sair var. Üstəlik uzun illərdir onunla bir səngərdə vuruşmuş insanlardan tutmuş, digər cəbhədaşlarına qədər hamısı terrorçunun başqa şəxslər tərəfindən öldürüldüyünü iddia edirlər. Hətta mətbuatda bunu faktlarla sübut edən qalaq-qalaq məlumatlar var. Belədirsə, başqasının, üstəlik şəhid olmuş silahdaşlarının işinə sahib çıxmaq hansı vicdana sığır?
Lap tutaq ki, doğrudan da, İbad Hüseynov “Avo” ləqəbli Melkonyanı qətlə yetirib. Məgər digər döyüşçülərimizin cəbhədə öldürdüyü hər kəs torpaqlarımıza əl uzadan düşmən deyilmi? 20 faiz torpağı işğal altında olan bir ölkənin döyüşçüsü də “Milli Qəhrəman” adı almaq istəyərmi? Yaxud bu gün həyatla mübarizə aparan Səmayə xanımın ondan nəyi əskikdir ki, fərqli münasibət görür?
Əminəm ki, bu ad ona yoldaşlarından fərqlənmək, hansısa məmurun qapısını təpiklə açmaq, daha artıq imtiyaza sahib olmaq üçün lazımdır. Amma adı xahişlə almırlar. Bunun üçün yalvarmırlar. Onu qazanırlar.
Yaxşı olardı ki, Füzuli Rzaquliyev 64 min veteranın adından danışmaq əvəzinə, o insanların heç olmasa birinin taleyi ilə maraqlanaydı.
Ola bilsin, doğrudan da, ölkədə 64 min veteran var. Amma əminəm ki, onların 63 min 900 nəfərinin nə bu xahişdən xəbəri var, nə də İbad adlı qəhrəman tanıyırlar.
Əslindəsə onların hər biri qəhrəmandır və eyni münasibətə, qayğıya, diqqətə ehtiyacları var.
Atalar boş yerə deməyib: “Utanmasan oynamağa nə var”...
Son xəbərlər
Son Xəbərlər