Məlum olduğu kimi, Fransa Prezidenti Emmanuel Makron bir neçə gün əvvəl Ukraynada baş verənlərlə bağlı soyqırımı ifadəsini işlətməkdən imtina edib. Ötən gün o, Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edərək Ukraynada dinc əhaliyə qarşı törədilən qətliamları niyə soyqırımı adlandırmadığını izah edib.
“Qafqazinfo” xəbər verir ki, Fransa Prezidentinin sözlərinə görə, “soyqırımı” terminini siyasətçilər deyil, hüquqşünaslar qiymətləndirə bilər.
Qondarma erməni soyqırımını ilk tanıyan dövlətlərdən olan Fransa Prezidentinin bu açıqlaması təəccüb doğurur. İndiyə qədər həm Azərbaycan, həm də Türkiyə Prezidentləri tərəfindən sözügedən məsələ dəfələrlə gündəmə gətirilib. Prezident İlham Əliyev Avropa ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşlərdə qondarma erməni soyqırımının tanınmasının tarixi saxtalaşdırmaq olduğunu açıqlayıb, tarixin tarixçilər tərəfindən araşdırılmalı olduğunu qətiyyətlə bildirib.
Fransa Prezidentinin sonuncu açıqlaması isə bir daha ikili standartlardan xəbər verir. Necə olur ki, yüz il əvvəl baş verdiyi iddia olunan hadisəyə tarixçi, hüquqşünas deyil, dövlət səviyyəsində qiymət verilir, siyasətçilər tərəfindən soyqırımı kimi tanınır, Ukraynada olanlarla bağlı isə hüquqşünas rəyi gözləyirlər?..
.jpg)
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa hesab edir ki, bu artıq hansı məqamda ilahi ədalətin necə təcəlli etməsini göstərən faktdır: “Sən utanmadan, həyasızcasına Fransa adından, Amerika adından Türkiyədə olmayan, tarixin bu dövründə məchul, uydurma hadisəyə soyqırımı deyə bilirsən, amma bu gün televiziyada göstərilən, sübutu olan hadisələrə soyqırımı deyə bilmirsən. Bu ikili standartın əsas göstəricisidir”.
Millət vəkili hesab edir ki, bu məsələ ətrafında ciddi təbliğat aparılmalıdır: “Əslində, Makronun bu addımı bizim üçün, Türkiyə üçün böyük bir uğurdur. Hesab edirəm ki, bu məsələ ətrafında Azərbaycan və Türkiyə ciddi təbliğat aparmalıdır. Yəqin ki, bu mövzuda Türkiyə Prezidenti çox sərt çıxış edəcək. Çünki bu çıxışa göydəndüşmə bir əsas verilib və ondan istifadə etmək lazımdır”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevin sözlərinə görə, bu, Xocalı faciəsi, Azərbaycan vətəndaşlarına qarşı törədilən digər soyqırımı tanımayan Fransanın ikili standartlarının təzahürüdür: “Fransada Prezident seçkiləri getdiyinə görə Makron heç vaxt öz siyasi karyerasına görə ciddi bir söz deməyəcəkdi, bu məlum məsələdir. İkili standart ondan ibarətdir ki, Xocalıda, Azərbaycan vətəndaşlarına qarşı törədilən digər soyqırımı Fransa heç vaxt tanımayıb. Sadəcə olaraq, ermənilərlə diaspora səviyyəsində ciddi əlaqələri olduğuna görə, digər istiqamətlərdə apardıqları siyasətə görə, onlar qondarma erməni soyqırımını məhz siyasi problemə çeviriblər. Təbii ki, bunların hamısı araşdırılmalıdır, tarixçilər, hüquqşünaslar öz sözünü deməlidir. Qətliam nədir, soyqırımı nədir, bir millətin başqa bir millətə qarşı törətdiyi hadisələr dəyərləndirilməlidir”.
.jpg)
Millət vəkili bildirib ki, Fransa Prezidenti məhz öz karyerasını qorumaq üçün belə bir açıqlama verib: “ABŞ Prezidenti Bayden Ukraynada baş verən hadisələri soyqırımı adlandırıb. Onların da öz məramı, məqsədi var ki, Rusiyaya qarşı daha ciddi ittihamlarla çıxış etsinlər. Fransa Prezidenti də bu gün özünün siyasi karyerasını qorumaq üçün məhz belə açıqlamalar verir. Hər iki variantda Azərbaycana qarşı ikili standart, ikili yanaşma daim mövcud olub və olmaqdadır. Bunun da qarşısını almaq üçün, çox şükürlər olsun ki, aparılan xarici siyasət, artıq istər arxivlərin açılması istiqamətində, istərsə də beynəlxalq səviyyədə hüquqşünasların qiymətləri – hamısı öz sözünü deməlidir və deyəcək də”.